Qətər Azərbaycanla kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı genişləndirmək istəyir – FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətər dövlətinə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda 2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Təninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.
Nazirlər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Qətər arasında qarşılıqlı anlaşma və dialoqa əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur və ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub.
Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov, bu layihələrin Körfəz ölkələri üçün faydalı ola biləcəyini söyləyib. O, həmçinin Azərbaycanla Qətərin üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoymaq imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni sözügedən təklifin ölkəsi tərəfindən məqbul sayıldığını, eyni zamanda kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.
Nazirlər Azərbaycanla Qətər arasında Hökumətlərarası birgə Komissiyanın fəaliyyətə başlamasının iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminik ifadə ediblər. Elmar Məmmədyarov bildirib ki, Qətər investorların Azərbaycana sərmayə qoyması üçün hər cürə şərait yaradılıb və əczaçılıq, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq üçün əlverişli imkanlar var.
Qətər Dövlətinin xarici işlər naziri iki ölkə arasında birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd edib və bu faktın Azərbaycana səfər edən qətərli turistlərin sayına müsbət təsir edəcəyini bildirib.
Elmar Məmmədyarov Qətərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirib və buna görə qətərli həmkarına təşəkkür edib. O, həmçinin BMT TŞ-nin məlum qətnamələrini xatırladaraq, sözügedən qətnamələrin tələblərinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov, bu il ölkəmizdə “İslam Həmrəyliyi Oyunları” keçiriləcəyini və Qətər idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirib.
Görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin gücləndirilməsi, insanlararası təmasların artırılmasının vacibliyi qeyd olunub və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
1news.az