Sahibinin arxasınca gedən robot təqdim olunub – VİDEO
“Vespa” skuterlərinin istehsalçısı İtaliyanın “Piaggio” konserni 18 kq-dək ağırlığında yükü daşımaq qabiliyyətinə malik öz-özünü tarazlayan “Gita” adlı ikitəkərli yükdaşıyan robot düzəldib. Bundan başqa, bu robot istifadəçini izləmək qabiliyyətinə də malikdir.
1news.az ICTnews-a istinadən xəbər verir ki, baraban formasında olan “Gita” robotunun diametri 66 sm-dir, hərəkət zamanı sıfır döngə radiusuna malikdir və saatda 35 km/saat sürətlə hərəkət edə bilir.
Ancaq sahibini izləyən zaman öz sürətini onun hərəkət sürətinə uyğunlaşdırır.
Robotun sözəbaxan "davranış”ının sirri kamera ilə təchiz edilmiş xüsusi ağ qayışla izah edilir. İdarəetmə sistemi “SLAM” (“Simultaneous Localization and Mapping”) texnologiyasına əsaslanır. Sözügedən texnologiya robotun istifadəçi ilə birgə hərəkəti zamanı çəkilən nöqtələrdən üçölçülü xəritə yaradır.
Bundan başqa, robot “3D” xəritənin köməyi ilə müəyyən rayonun ərazisindən keçməklə istifadəçini izləyərkən özü sərbəst geri qayıda bilər.
“Gita” robotunun kameraları ultrasəs məsafəölçəni ilə yanaşı, həmçinin maneələrdən xəbərdarlıq sistemi ilə təchiz edilib. Üç saatlıq enerjidoldurma robotun 8 saatlıq sürətli hərəkəti üçün kifayətdir.
1news.az