Milli Məclisdə Azərbaycanın İran və Böyük Britaniya ilə əlaqələri müzakirə olunub
Fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Sədr görüşdə yeni təyin olunmuş səfirə gələcək işlərində uğurlar diləyib. O, əmin olduğunu bildirib ki, diplomatik fəaliyyəti dövründə qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı işinə öz dəyərli töhfəsini verəcək. Qeyd edilib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini bağlılıq münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır.
Qeyd edilib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ötən ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşləri təkcə ölkələrimiz deyil, region üçün də mühüm əhəmiyyət kəsb edir.
Siyasi əlaqələrimizlə yanaşı, iqtisadi münasibətlərimiz də inkişaf etməkdədir. İran şirkətinin Bakıda əczaçılıq zavodunun inşasındakı fəaliyyəti təqdirəlayiqdir. Dövlətlərimiz arasında Müştərək Komissiya iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafına müsbət təsir göstərir.
Sədr bildirib ki, dövlətlərarası münasibətlərimizin inkişafında parlamentlərimizin özünəməxsus rolu var. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir. Beynəlxalq təşkilatlar çərçivəsində prinsipial məsələlər barədə aparılan fikir mübadiləsi xalqlarımızın xeyrinədir.
İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə ünvanına söylənilən xoş sözlər üçün minnətdarlığını bildirib, iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib. O bildirib ki, İran yaxın qonşusu Azərbaycan ilə həyatın bütün sahələrində münasibətlərin daha da dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdəki münasibətlərimiz günbəgün güclənməkdədir. Biz gələcəkdə iqtisadi əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik.
Səfir əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Meri Krofts ilə görüşüb.
Sədr səfirə gələcək diplomatik fəaliyyətində xalqlarımızın rifahı naminə uğurlar arzulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsində dövlət və hökumət başçılarımızın rolu danılmazdır. Azərbaycan Prezidenti ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq ənənəvi hal alıb.
“Biz Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyət göstərməsini yüksək qiymətləndiririk. Bu gün Azərbaycanda 500-dən artıq Britaniya sərmayəli şirkət və çoxsaylı iş adamları fəaliyyət göstərirlər. Böyük Britaniya strateji əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin çəkilişində Azərbaycanı həmişə dəstəkləyib. Ölkəmiz artıq TAP və TANAP kimi layihələrin icrasına start verib. Birgə Hökumətlərarası Komissiyanın yaradılması qarşıya qoyulan ümumi məqsədlərə çatmaq üçün uğurlu bir addımdır”, - deyə Oqtay Əsədov vurğulayıb.
Milli Məclis sədri parlamentlər səviyyəsində əlaqələrimizin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, parlamentlərarası dostluq qruplarının qarşılıqlı mövcudluğu qanunvericilik strukturları arasında əməkdaşlığımızın əsasını təşkil edən amillərdəndir. Sədr parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmli hesab edərək vurğulayıb ki, nüfuzlu beynəlxalq qurumlarda, beynəlxalq parlament platformalarında deputatlarımız uğurlu əməkdaşlıq edirlər.
Xanım Karol Meri Krofts Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini söyləyib. Qeyd edilib ki, onun təmsil etdiyi ölkə Qafqazın bu bölgəsinə böyük maraq göstərir, burada həyata keçirilən qlobal enerji layihələrinin reallaşması üçün Azərbaycana gələcəkdə də dəstək vermək niyyətindədir.
Parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsini önəmli hesab edən diplomat bu sahənin dövlətlərarası münasibətlər sistemində mühüm rol oynadığını xüsusi vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC