Səfirlik İran əleyhinə həyata keçən yeni media təbliğatına reaksiyası verib
Bir daha Azərbaycan Respublikasının bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar.
Bu haqda 1news.az-a İran İslam Respublikasının Bakıdakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, bu dəfə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib:
“Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib.
İran İslam Respublikası səfirliyinin Mətbuat Xidməti həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.
Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər.
İran İslam Respublikası səfirliyinin Mətbuat Xidməti bir daha kütləvi informasiya vasitələrinin iki ölkə arasında mövcud olan münasibətləri qorumaq üçün diqqətli olması və bu sahədə öz fəaliyyətlərinin artırmasına təkid edir, həmçinin onların bu sahədə müsbət rol oynaması və iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün əməkdaşlığa dəvət edir. Şübhəsiz, bu da iki dövlət və millətin xeyrinə olacaqdır”.
1news.az