Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, fevralın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 68 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 8, Şirvanda 6 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 (2016-cı il fevral 3-də 478 sm), Şirvanda 333 (2016-cı il fevral 3-də 363 sm), Salyanda 294 (2016-cı il fevral 3-də 325 sm), Bankədə 243 (2016-cı il fevral 3-də 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2016-cı il fevral 3-də 205 sm) təşkil edir.
1news.az