İbtidai sinif müəllimindən örnək hərəkət - Bir fotonun tarixçəsi
Son günlər sosial şəbəkədə bir müəllim fenomenə çevrilib desək yanılmarıq. Həmin müəllim Yardımlı rayon Dəlləkli kənd orta məktəbində işləyən Nəcəf Məhərrəmovdur.
1news.az xəbər verir ki, 48 yaşlı müəllim ölkə.az və bakipost.az-a suallarını cavablandıraraq həm fotonun tarixçəsi, həm də əmək fəaliyyəti ilə bağlı danışıb.
Nəcəf Məhərrəmov 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 1986-87-ci illərdə hərbi xidmətdə olub 1991-1996-cı illərdə Nəsrəddin Tusi adına Pedaqoji Universitetdə ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisasında təhsil alıb. Bir müddət Ostayır kənd orta məktəbində işləyib. 2005-ci ildə Dəlləkli kənd orta məktəbini inşa etdikdən sonra öz kəndində müəllim kimi fəaliyyətə başlayıb.
Fenomen müəllim deyir ki, fotonu məktəbin yaxınlığında yaşayan Sakit Ziyadov adlı şəxs çəkib:
“Rayonda mədəniyyət evində işləyir. Şəkil çəkiləndə xəbərim olmayıb, internetə yerləşdiriləndən sonra xəbər tutmuşam. Xəbər tutanlar zəng etmişdi. Tələbə yoldaşlarımdan, kənd camaatından, rayon camaatından zənglər gəldi, xoş sözlər dedilər”.
Nəcəf müəllim fotoda görünən mənzərənin sadəcə bir gün deyil, demək olar hər gün yaşandığını deyir:
“Əvvəlcədən vaxt danışırıq. Dərsimiz 8:30-da başladığı üçün, 7:50-də evdən çıxıram. Mənim evim məktəbə yaxın olduğu üçün uşaqlarla 8-ə 10 dəqiqə qalmış düz evin yanında görüşürük. Sonra düzəlirik yola. Palçıqda, qarda yağışda, fərq etməz, eyni vaxtda görüşüb gəlirik məktəbimizə. Gücü çatmayanın çantasını daşıyıram, zəif uşaqlara, boydan balaca olanlara kömək edirəm. Tək foto çəkilən gün deyil, biz elə ilin hər günü belə gəlirik. Yollarımıza təzə çınqıl döşənib. Əvvəl lap pis gündə idi. İndi yollar qarlıdır, yaxşıdır, lakin əriyəndən sonra palçıq olacaq”.
Onlar məktəb yolunda vaxt boş keçməsin deyə həm söhbət edirlər, həm də nağıllar danışırlar:
“Köhnə dərsləri soruşa-soruşa, uşaqları maarifləndirə-maarifləndirə qalxırıq məktəbə. Nağıllar, rəvayətlər danışıram yolda. Uşaqlarla mütəmadi məşğul oluram.
21 ildir müəllim işləyirəm. Şagirdlərimdən əksəriyyəti ali təhsil alıblar. Rayonda işləyənləri var. Məktəbdə müəllim işləyənləri də var. 2 şagirdim özümlə çiyin-çiyinə müəllim işləyir indi məktəbimizdə. Biri riyaziyyat, biri də Azərbaycan dili və ədəbiyyat müəllimidir. Hər ikisi bu il gəliblər. Mən onlara ibtidai sinifdə dərs keçmişəm”.
Həftədə 24 saat dərsinin qarşılığında ayda 300 manat maaş alan Nəcəf Məhərrəmov, imkanı çatdığı qədər ehtiyacı olan şagirdlərinə də kömək etməyə çalışdığını söyləyib:
“Sinfimdə 10 uşaq var. Hamısına hər mənada köməklik edirəm. Elə olur kiminsə qələmi olmur, alıb verirəm, dəftəri olmur, alıb verirəm. Qələm 20 qəpikdir, dəftər də elə bir o qədər. Bu şagirdin təhsilinə kömək edəcəksə, əlbəttə almalıyam. Demirəm ki, güclü bir şey edirəm, amma əlimdən bu gəlir. Müəllim adamam, maaşa baxıram. Nəyə imkanım çatırsa onu da edirəm. Bu mənim insanlıq borcumdur”.
1news.az