İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi. Vurğulandı ki, dövlətimizin başçının bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qeyd etdi ki, Azərbaycan Prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının strukturlari ilə əməkdaşlığından məmnunluq ifadə olundu, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirildi.
Prezident İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verdi, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd etdi.
Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açıldı, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə yaxşı əməkdaşlıq etdiyi bildirildi, digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
1news.az