Bakı Mühəndislik Universitetinin binası müəyyənləşdi
Bakı Mühəndislik Universiteti ləğv edilən Qafqaz Universitetinin binasında yerləşəcək.
1news.az xəbər verir ki, bu barədə Report-a Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov məlumat verib.
S.Gözəlov vurğulayıb ki, Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti olub.
Nazirlik rəsmisi xatırladıb ki, qış imtahan sessiyasından sonra Qafqaz Universitetinin bütün tələbələrinin bir universitetdə - Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılan Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq.
1news.az