Xarici jurnalistlər işğaldan azad edilən Cocuq Mərcanlıya səfər ediblər – FOTO – YENİLƏNİB
Azərbaycanda akkreditə olunmuş bir qrup xarici jurnalistin fevralın 7-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, səfərdə “Associated Press”, “Reuters”, “RİA Novosti”, “İnterfax”, “Sputnik”, “Anadolu”, “İhlas”, EFE agentlikləri, TRT telekanalı, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları və digər KİV orqanlarının əməkdaşları iştirak ediblər.
Xarici İşlər Nazirliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olun səfər xarici jurnalistlərə Cəbrayılın Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, eləcə də onları Prezidentin Sərəncamı ilə kəndin bərpası və məcburi köçkünlərin buraya qayıdışı istiqamətində görülən işlər barədə məlumatlandırmaq məqsədi daşıyıb.
Səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturları nümayəndələri tərəfindən yerində ətraflı məlumat təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. Həmçinin, KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar.
KİV nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.
1news.az
1news.az