Yaqub Mahmudov: Tarix İnstitutunun yeni tədqiqatları dərsliklərdə öz əksini tapmalıdır
Müstəqil Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərinin hazırlanması XX əsrin 90-cı illərindən başlamışdır. SSRİ-nin süqutundan sonra müstəqil Azərbaycanın təhsil sisteminin qurulması məsələsi ciddi problemlərlə üzləşmişdi.
1news.az-a AMEA-dan verilən xəbərə görə, bunu Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib:
“Milli şüuru formalaşdıran və milli dəyərləri özündə əks etdirən, heç şübhəsiz ki, tarix elmidir. 1990-cı ildə dövrün siyasi çətinliklərinə baxmayaraq, vahid Azərbaycan konsepsiyasına əsaslanan və üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi proqramı” hazırladıq. Özü də, həmin proqram 1990-cı ildə fövqəladə vəziyyət günlərində “Təhsil” nəşriyyatında çap etdirdik. Bu proqramda Azərbaycançılıq, türkçülük, bütov Azərbaycan ideyalarını əsas götürərək siniflər üzrə konkret mövzular müəyyənləşdirdik. Qeyri-müəyyənlik içərisində qalan tarix müəllimlərinin əlində bu proqram bir mayak oldu.
Bu dövrdən başlayaraq Azərbaycançılıq konsepsiyasını əsas götürərək orta məktəblər üçün dərsliklər hazırlanmağa başlandı. 5-ci siniflər üçün yazılmış “Ata yurdu” dərsliyi bu istiqamətdə hazırlanmış ilk dərslik oldu. Dərslikdə şimallı cənublu bütöv Azərbaycanın tarixi xüsusi metodik üsulla qabaqcıl müəllimlər tərəfindən işləndi. İbtidai icma dövründən müasir dövrə qədər Azərbaycan tarixinin müxtəlif problemləri dövlət, şəxsiyyət, mədəniyyət konteksində təhlil olunaraq təhsil dövriyyəsinə verildi. Azərbaycançılığın təbliği “Ata yurdu” dərsliyinin əsas qayəsi olmuşdur. Ulu öndər Heydər Əliyev bu dərsliyi yüksək qiymətləndirdi”.
Yaqub Mahmudovun sözlərinə görə, 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
“Orta ümumtəhsil məktəblərində kurikuluma əsaslanan dərsliklərin hazırlanması prosesi 2012-ci ildən “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin yazılması və təhsil dövriyyəsinə buraxılması ilə davam etmişdir. Artıq 2016-cı ildən 9-cu siniflər üçün “Azərbaycan tarixi” dərsliyi şagirdlərin istifadəsinə verilmişdir. Dərslikdə XIX əsrin I yarısından müasir dövrə qədər Azərbaycan tarixi əlavə məlumatlarla, mənbələrlə, illüstrasiya və şəkillərlə nəfis tərtibatda verilmiş, metodik göstəricilər tətbiq edilmişdir. Bu dərsliyin çap olunması ilə Azərbaycançılıq konsepsiyasının orta məktəblərdə tədrisini başa çatmış hesab edirik.
Son beş ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun alimlərinin və orta məktəb müəllimlərinin iştirakı ilə hazırlanan dərsliklərdə kurikulum standartlarının tətbiqi ilə yanaşı Azərbaycançılıq ideologiyasının təbliği, bütöv Azərbaycan tarixinin tədrisi əsas götürülmüşdür. Şimallı cənublu bütöv Azərbaycanın, işğal olunmuş ərazilərimizin tarixini, xüsusilə Qarabağın tarixi, onun maddi-mədəniyyət abidələri, tarixi abidələri, görkəmli tarixi şəxsiyyətləri dərsliklərdə geniş şəkildə verilərək gənclərimizin vətənpərvərlik tərbiyəsi Azərbaycan tarixi dərslərinin əsas meyarına çevrilmişdir.
Məlumdur ki, dərsliklər Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertləri və müxtəlif universitetlərin müəllimləri tərəfindən müsbət rəylər aldıqdan sonra çap edilir. Bu işin təşkilində Təhsil Nazirliyinin obyektiv mövqeyi təqdirə layiqdir. Eyni zamanda DİM-in keçirdiyi monitorinqlərdə müntəzəm olaraq həmmüəlliflər iştirak edirlər. Respublikanın tarix müəllimləri görüş zamanı dərsliklər haqqında həm razılıq bildirir, əhəmiyyətli fəaliyyətə görə təşəkkür edir, həm də maraqlı qeydlər, suallarla müraciət edirlər”.
Tarix İnstitutunun direktoru sözlərinə əlavə edib ki, dərslik məsələsi təhsil sisteminin ciddi problemidir. Azərbaycan tarixi dərsliklərinin hazırlanması xüsusilə həssas məsələdir.
“Bu işdə orta məktəb müəllimlərinin iştirakı ilə yanaşı, alimlərin də iştirakı vacibdir. Çünki müntəzəm olaraq yeni elmi faktlar aşkar olunur. Bu elmi yeniliklərin müəyyən qisminin tədrisə gətirilməsi sürətlə inkişaf edən təhsil sisteminə yalnız fayda verə bilər. Ölkə başçısının 2012-ci ildəki sərəncamında təsbit olunduğu kimi Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir. Bu mərkəz tarix dərsliklərinin hazırlanması işində başlıca rol oynamalıdır.
Hamıya yaxşı məlumdur ki, Tarix İnstitutunda aparılan tədqiqat işləri bilavasitə ölkə başçısının təşəbbüsü ilə həyata keçirilir. Bu baxımdan da Tarix İnstitutunun yeni tədqiqatları dərsliklərdə öz əksini tapmalıdır”.
1news.az