“İbtidai siniflərdə uşaqlar ev tapşırıqları ilə həddən çox yüklənir” - Bakı Təhsil İdarəsinin müdiri
“Razıyam ki, bu gün ibtidai siniflərdə uşaqlar ev tapşırıqları ilə bəlkə də həddindən çox yüklənirlər. Bunun nə dərəcədə faydalı olması da sual doğuran məqamdır”.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “ASAN radio”nun “QəbuldASAN” verilişində bildirib:
“Ümumiyyətlə dünyada aparılan tədqiqatlar göstərir ki, ibtidai siniflərdə ev tapşırıqlarının çoxluğu uşağın növbəti mərhələlərdə təhsil nailiyyətlərinə birbaşa müsbət təsir etmir” - deyən idarə müdiri qeyd edib ki, bu gün rəhbərlik etdiyi qurumun tabeliyində “Təlimə dəstək mərkəzi” yaradılıb: “Mərkəzin fəaliyyəti müəllimlərin işini tənzimləmək məqsədi daşıyır. Hesab edirəm ki, burada eyni zamanda, müəllimlərin şagirdlərə verdiyi ev tapşırıqlarının yükü ilə bağlı məsələni müzakirəyə çıxaracağıq, bu barədə onlara tövsiyələr verəcəyik. Çünki etiraf ki, bu məsələ indiki dövrdə bir az müəllimin özünün təşəbbüsünə və yaradıcılığına bağlıdır”.
İdarə müdirinin sözlərinə görə, bəzən müəllimə elə gəlir ki, bununla o, uşaqlara böyük fayda vermiş olur:
“Lakin düşünmək lazımdır ki, ev tapşırıqlarının yükü çox olanda şagirdlərin bir müddətdən sonra təhsilə marağı qalmır, təhsilinə müsbət təsir etmək əvəzinə bəzən hətta mənfi təsir də göstərmiş olur”.
M.Vəliyeva eyni zamanda, dərsliklərin məzmununun çətin olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O əlavə edib ki, dərsliklərin məzmunu ilə bağlı müxtəlif fikirlər səsləndirilir:
“Hətta bəzən valideynlərin məzmunun çətinliyindən şikayət edir. Dərsliklərin məzmununun daha da təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən mütəmadi şəkildə işlər aparılır”.
1news.az