Azərbaycan səfiri Pakistanın Pəncab əyalətinə səfər edib
Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb.
1news.az-ın məlumatına görə, Lahor şəhərində keçirilən görüşdə Azərbaycanla Pakistan arasında mövcud olan qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında vaxtı ilə imzalanmış protokola əsasən yaradılmış qardaşlaşmış şəhər münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb, Azərbaycanın digər müvafiq şəhərləri ilə Pəncab əyalətinin Lahor şəhəri arasında da yaxın əlaqələrin yaradılması imkanları müzakirə olunub.
Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana Azərbaycanın Pakistan üçün ən yaxın ölkələrdən olduğunu, Pəncab əyalətinin də öz növbəsində bu əlaqələrə hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb, iqtisadi, mədəni və turizm əlaqələrinin daha da genişləndirilməsinin, Lahor və digər şəhərlərlə birbaşa təyyarə reyslərinin açılmasının əhəmiyyətini qeyd edib.
1news.az