İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu dedi. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi.
Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirdi. Mixeil Canelidze qeyd etdi ki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayan qonaq ötən dövr ərzində əldə olunan nəticələrin əhəmiyyətini diqqətə çatdırdı, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasların olduğunu dedi. Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən Mixeil Canelidze ölkələrimizin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini də qeyd etdi.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az