Səbaildə sahibkarlarla görüş keçirilib – FOTO
Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına diqqətin artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
1news.az-ın məlumatına görə, açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən qəsəbənin əsas küçəsi olan Badamdar şossesinin əsaslı yenidənqurulması məsələləri də müzakirə olunub, sahibkarları maraqlandıran məsələ və suallar ətraflı cavablandırılıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün ölkədə korrupsiyaya qarşı amanız mübarizə aparılır, yeni islahatlar həyata keçirilir.
Badamdar şossesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan E.Əzizov bildirib ki, ölkə prezidentinin tapşırıqlarına əsasən hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar Badamdar yolunun yenidən qurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaq.
Görüşdə çıxış edən sahibkarlar onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan edib və bununla əlaqədar ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
1news.az