İran neft mübadiləsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır
Bu gün geniştərkibli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani mətbuat konfransı keçirib.
1news.az APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında prezident H. Ruhani deyib ki, iki ölkə neft sahəsində də əməkdaşlıq edir:
“İran neft mübadiləsi (swop) sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Yəni İran nefti Xəzər dənizində təhvil alsın və İranın cənubunda dünya bazarına çıxarsın”.
İran prezidenti qeyd edib ki, iki ölkə arasında avtomobil istehsalı sahəsində də əməkdaşlıq inkişaf edib:
“Biz görüşdə ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması, Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələlərini müzakirə etdik. Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı çoxlu müzakirələrimiz olub. Bu gün də bu müzakirəni davam etdirdik. Qərara alındı ki, iki ölkənin neft nazirləri razılıq əldə olunana kimi müzakirəni davam etdirsinlər”.
1news.az