“Tour d’Azerbaidjan-2017”də növbəti qalib “Synergy Baku”nun keçmiş velosipedçisi olub - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinə yekun vurulub.
1news.az xəbər verir ki, 2.1 kateqoriyalı yarışın 177 kilometrlik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra Azərbaycanın elit yığması və ”Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub.
Mərhələ qalibi isə bizə yaxşı tanış olan “Synergy Baku”nun keçmiş üzvü, hazırda Avstriyanın “Amplatz BMC” komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub. O, məsafəni 4 saat 20 dəqiqə 32 saniyəyə başa vurub. Matey Müqerli ötən il “Synergy Baku”nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim və Ukraynanın “Kolss” komandasının təmsilçisi Vitali Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər.
“Synergy Baku”nun üzvlərindən Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14 və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o mavi rəngli “Synergy” köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın “Kolss” komandasının üzvü Oleksandr Polivodanı 39 saniyə qabaqlayır.
Aralıq sprintlərində hamıdan çox xal toplayan “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyi Ukraynanın “Kolss” komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın “Team Sauerland NRW p/b Henley & Partners” klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təltif edib.
Matey Müqerli deyib: “Dünənki mərhələ çox çətin oldu və hamı yoruldu. Bu gün isə çox maraqlı mübarizə baş tutdu. Yaxşı komandamız var, birgə işlədik və gücümüzü tam ortaya qoyduq. Finişə 200 metr qalmış 1-ci yeri tutmaq üçün əlimdən gələni etdim və istəyimə nail oldum. Artıq 4-cü dəfədir burda yarışıram. Bu da marşrutu əzbər bilməyimə kömək edir. “Synergy Baku” mənim üçün doğmadır, çünki uzun müddət bu komandanın üzvü olmuşam”.
Kiril Pozdnyakov bildirib ki, bugünkü mərhələ dünənkinə nisbətən çox rahat keçdi. Komandama uğurlu çıxışa görə minnətdaram. Düzdü, komanda üzvlərimizlə hərdən bir-birimizlə məsafəmiz artırdı, amma bir-birimizə kömək edə bilirdik.
Mayın 6-da velosipedçilər yarışın ən çətin dağ mərhələsində mübarizə aparacaqlar. İştirakçılar bu dəfə saat 09:30-da Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı-Ağsu-Şamaxı-Pirqulu marşrutu üzrə 164 kilometr məsafə qət edəcəklər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolaylarını marşruta əlavə edilməsi dağ mərhələsinə olan marağı daha da artırıb.
Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
1news.az