Аzərbаycаndа əhalinin sayı 10 milyona yaxınlaşır
İlin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9 823 667 nəfərə çatıb.
1news.az-a Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olub.
Əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil etmişdir. Körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.
2017-ci ilin yanvar-fevral aylarında ölkədə 11070 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,1 təşkil edib.
Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.
2017-ci ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.
S.Xankişiyeva