Oleq Kuznetsov: Petisiyaya kifayət qədər imza toplansa, Xocalı soyqırımı məsələsi Dövlət Dumasında müzakirə oluna bilər
Mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımının tanınması barədə petisiya ilə əlaqədar tədbir keçirilib. Rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə tərtib edilmiş bu petisiya Rusiya Federasiyasının Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, petisiya artıq 19 min nəfər tərəfindən imzalanıb. Bu imzaların 12 mini Azərbaycanda daxil olub.
O.Kuznetsov qeyd edib ki, əhalisinin sayı 9 milyon olan bir ölkə üçün bu, kiçik rəqəmdir. Onun fikrincə, sənədin Rusiya Federasiyasının Dövlət Duması tərəfindən müzakirəyə qəbul edilməsi üçün ən azı 100 min imza toplamaq lazımdır. O deyib: “100 min imza Azərbaycan əhalisinin 1 faizi deməkdir. Əgər petisiya üçün kifayət qədər imza toplanarsa, biz Xocalıda soyqırım məsələsinin dövlət dumasında müzakirəyə çıxarılmasına nail ola bilərik. Bu, özlüyündə mühüm hadisədir. Dünyada bu faciə barədə mümkün qədər çox insanın məlumatlandırılması üçün bu zəruridir”.
Rusiyalı tarixçi onu da qeyd edib ki, petisiyalar çox vaxt xarici dövlətlərdən alınır. O, imzaların az olmasının səbəblərinə toxunaraq deyib: “İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyinə inanmırlar. Adamlar fikirləşirlər ki, Dağlıq Qarabaği Rusiya işğal edib. Onlar heç vaxt öz səhvlərini etiraf etmirlər. Belə olan halda biz bu petisiyanı nə üçün yaradırıq? Eyni zamanda nəzərə almaq lazımdır ki, insanların elektron media resurslarından istifadə imkanları məhduddur”.
İmzaların çoxunun Lənkərandan daxil olduğunu qeyd edən tarixçi bildirib ki, yaxın vaxtlarda Gəncəyə və Mingəçevirə gedəcək, bu şəhərlərdəki universitetlərin tələbələri ilə görüşəcək.
Xatırladaq ki, 2017-ci il martın əvvəlində Oleq Kuznetsov 1992-ci il fevralın 25-indən 26-sına keçən gecə ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanıması barədə petisiya hazırlayıb. RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanmış petisiyada bu faciənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb edilməsi, hadisənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi barədə maöırış vardır. Bu petisiya həm faciənin soyqırımı kimi Rusiya Federasiyasının Dövlət Duması tərəfindən tanınması, həm də onu törətmiş erməni canilərin cinayət məsuliyyətinə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Petisiyanı bu link vasitəsilə imzalamaq olar.
S.Xankişiyeva