Arxangelskdə Azərbaycan günləri keçirilir – FOTO
Rusiyanın Arxangelsk vilayətində Azərbaycan günləri çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və Araxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Arxangelskdə Azərbaycan günlərinə və IX Şimal Millətlər Forumuna həsr edilmiş təntənəli konsert proqramı “Patriot” mərkəzində baş tutub.
Tədbirdə Azərbaycan xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi keçirilib. “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov qonaqlara Azərbaycan haqqında ümumi məlumat verib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının təqdimatında Azərbaycan xalq mahnıları və rəqsləri izlənilib.
Konsertdə Arxangelsk vilayəti qubernatorunun daxili siyasət üzrə müavini Aleksey Andronov, Arxangelsk Xalqlar Assambleyasının sədri Svetlana Smirnova və digər rəsmi şəxslər, yerli milli-mədəni birliklərin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, Azərbaycan diasorunun təmsilçiləri iştirak edib.
Babək Cahandarov