Azərbaycan səfirliyi Litvada ermənilərin təxribatının qarşısını alıb
Azərbaycanın Litvadakı səfirliyi iyulun 5-də Ermənistanın bu ölkədəki səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüsün “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və Azərbaycanın işğal altındakı ərazilərinə dair fotoşəkillərin nümayiş olunduğunu aşkarlayıb.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva Xarici İşlər Nazirliyinə müvafiq müraciət ünvanlanıb, qalereyanın rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı, həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal edilməsinin beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. İşğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş etdirilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq, Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycan–Litva dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib.
Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini qeyd edib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də qalereyanın adının təhrif edilərək “Vartai” (Qapı) əvəzinə “Menu vartai” (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini, qısa müddətdə şəkillərin yığışdırılacağını bildirib.
Görüşdən qısa müddət sonra şəkillər yığışdırılıb və salona giriş dayandırılıb.
S.Xankişiyeva