Los Ancelesli xristian yepiskop iki yaşlı Zəhranın öldürülməsi ilə bağlı Ermənistan prezidentinə açıq məktub göndərib
Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini iyul ayının 4-də atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı Los Ancelesdə fəaliyyət göstərən “Churches in Action” (Hərəkətdə olan Kilsələr) təşkilatının və Los Anceles Dinlərarası Şurasının sədri, ABŞ-da və dünyanın müxtəlif yerlərində 40-dan çox kilsənin yaradıcısı, Kaliforniyanın ən nüfuzlu xristiyan din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez Ermənistan prezidenti Serj Sarqsyana açıq məktub ünvanlayıb. Məktubun bir surəti də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məktubda X.K.Mendez qeyd edir ki, ABŞ-da 4 iyul Müstəqillik Gününün qeyd olunduğu bir gündə Ermənistan ordusu tərəfindən Azərbaycanın mülki vətəndaşlarının, xüsusilə balaca Zəhranın öldürülməsi xəbəri onu çox sarsıdıb.
Dünyanın müxtəlif bölgələrində mülki şəxslərə qarşı törədilən vəhşiliklərin davam etməsinin, hətta bəzi yerlərdə gündəlik normaya çevrilməsini ürək ağrısı ilə qeyd edən yepiskop bunun tamamilə qəbuledilməz olduğunu vurğulayır.
X.K. Mendez vurğulayır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının davam etdirilməsi, bu işğal nəticəsində öz yurd-yuvalarından didərgin salınmış və malik olduqları hər şeydən məhrum edilmiş yüz minlərlə azərbaycanlının əzab və iztirabının əsas səbəbidir. O qeyd edir ki, bu işğal və ədalətsizlik davam etdikcə daha çox insanlar əzab çəkməkdə davam edəcək və bu faciəvi münaqişənin qurbanları olacaqlar.
Yepiskop Mendez Los Ancelesdə fəaliyyət göstərən xristiyan din xadimi kimi daim Bibliyanın dediklərini insanlara öyrətməyə çalışdığını qeyd edir və bu səpkidə Bibliyadan sitat gətirir: “Məsum və günahsızları öldürmə, çünki mən günahkarları əfv etməyəcəm” (Exodus 23:7). Mendez Ermənistan prezidentinin diqqətinə çatdırır ki, günahsız mülki şəxslərin öldürülməsi nəinki beynəlxalq hüquq normalarına, həmçinin xristiyanlığın əsas prinsiplərinə ziddir. Yepiskop, öz xristiyanlığı ilə fəxr edən Ermənistan və onun rəhbərliyinin bu xristiyan prinsiplərinə riayət etməyin məsuliyyətini dərk edə bilməsinə ümidvar olduğunu bildirir.
Sonda X.K.Mendez Los Ancelesdə fəaliyyət göstərən müxtəlif dinləri birləşdirən Los Anceles Dinlərarası Şurası adından və şəxsən öz adından Ermənistan prezidentinə müraciət edərək, ondan bu cinayəti qətiyyətlə pisləməyi və bu qətli törədənləri müəyyənləşdirərək onların cəzalandırılmasını tələb edir.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva