İlham Əliyev: ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur
ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.
Dövlətimizin başçısı bildirib ki, bu ilin altı ayında Azərbaycanın beynəlxalq əlaqələri daha da fəallaşıb: "Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir".
İlham Əliyev xatırladıb ki, bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib: "Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.
Bu il IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu da bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş tədbirdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.
Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi".
Prezident qeyd edib ki, bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir: "Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.
Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir".
1news.az