Mübariz Əhmədoğlu: Ermənistan Alxanlıda təkcə dinc sakinləri deyil, həm də XİN rəhbərlərinin görüşünü atəşə tutubmuş | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan Alxanlıda təkcə dinc sakinləri deyil, həm də XİN rəhbərlərinin görüşünü atəşə tutubmuş

12:16 - 18 / 07 / 2017
Mübariz Əhmədoğlu: Ermənistan Alxanlıda təkcə dinc sakinləri deyil, həm də XİN rəhbərlərinin görüşünü atəşə tutubmuş

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən Ermənistanın yayınması yeni məsələ deyil. Ermənistan hər dəfə öz təxribatına “innovativ” yanaşma nümayiş etdirir. Zaman keçdikcə Ermənistan üçün dinc tənzimlənmədən yayınmaq çətinləşir. Çünki təzyiqlər artır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Ona görə Ermənistan Xİ nazirlərinin Vyana görüşündən yayınmaq üçün qanlı hərbi-siyasi aksiya reallaşdırdı. Guya Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindən işğalçı ermənilərə tərəf “Türkiyə-Amerika” mənşəli TR-107 zenit  raket atılıb.  Ermənilər cavab atəş açıblar və bunun nəticəsində də dinc sakinlər həlak olub.

Ermənistan Azərbaycanı yaşayış məskənlərində hərbi hissələr və ya hərbi qurğular yerləşdirməkdə ittiham etdi. Lakin səhəri gün xarici ölkə səfirliklərinin hərbi attaşeləri Alxanlı kəndində oldular, yaşayış məskənində və yaxud onun ətrafında heç bir hərbi qurğuya rast gəlmədilər. “Türkiyə və ABŞ” sözləri təsadüfən ortalığa atılmamışdı. Qanlı hərbi-siyasi aksiyada ermənilər Rusiyanı özlərinə tərəf çəkmək istəyirdilər. Buna qismən nail oldular.

Amma qanlı hərbi-siyasi aksiyanın Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşünü pozmaq və ya görüş baş tutacağı təqdirdə məzmunu dəyişmək məqsədi olduğunu isbat edən arqumentlər çələngi mövcuddur. Alxanlı faciəsindən dərhal sonra rəsmi Yerevan ekspertlər vasitəsilə Vyana görüşünün baş tutub-tutmayacağı mövzusunu aktuallaşdırdı.

ER XİN-in mətbuat katibi Tiqran Balayan Alxanlı faciəsindən  cəmi 10 saat sonra erməni hərbçilərinin törətdiyi bu vəhşiliyin siyasi mahiyyətini açıqladı: “Gələcək gərginliklərdən və itkilərdən qaçmaq üçün Azərbaycan hakimiyyəti Vyana və Sankt-Peterburqda əldə olunmuş müqavilələrin yerinə yetirilməsinə razılıq verməlidir”. Bizcə, bu səhv və ya təsadüfi deyilmiş fikir deyil. Ən azı təkzib verilmədi.  ER XİN Alxanlı faciəsinin müəllifinin Ermənistan olduğunu rəsmən etiraf etdi.

ER Xİ naziri E.Nalbandyan parlamentdə çıxışı zamanı Ermənistanın heç vaxt görüşdən yayınmadığını bildirdi. Ermənistanda bunun yalan olduğunu hamı başa düşdü.

Vyana görüşü ərəfəsində Ermənistan Xİ nazirliyi görüşün baş tutacağını təsdiqləmədi. Beləliklə, son iki ayda hazırlanan Vyana görüşü Ermənistanın səyi nəticəsində alınmadı və ümumilikdə Xarici İşlər Nazirlərinin görüş ehtimalı sıfıra yaxınlaşdı. Bu arada Brüssel görüşü ortalığa çıxdı.

ATƏT MQ həmsədrləri Ermənistan tərəfinin Vyanada görüşün baş tutmaq resursunun olmaması bəhanəsini neytrallaşdırdı və görüşü Brüsselə təyin etdi. Beləliklə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü Vyanada deyil, Brüsseldə baş tutdu.

Görüşün müzakirə predmeti ilə bağlı Ermənistan, Azərbaycan XİN-lərinin və həmsədrlərin yaydığı məlumatlar fərqlidir. Azərbaycan XİN-nin bəyanatının məzmunu ATƏT MQ həmsədrlərinin bəyanatının məzmununa yaxındır. Azərbaycan XİN nazirlər səviyyəsində danışıqlara yenidən razılıq verdi. Ermənistandan hələ ki, belə razılıq verilməyib.

Prezident İ.Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından bəlli oldu ki, Azərbaycan Prezident səviyyəsində Ermənistanla danışıqlara nəinki hazırdır, hətta prezidentlər səviyyəsində danışıqların baş tutması üçün ciddi səy göstərib. Ermənistan prezidentinin görüşə razılıq verməsi barədə hələlik heç bir məlumat yoxdur. S.Sərkisyanın  “Ermənistan” televiziyasına müsahibədə dedikləri danışığa razılıq deyil, danışıqdan yayınma variantıdır.

Azərbaycan  qeyd-şərtsiz dialoqu bərpa etdirə bildi. Kazan görüşündən sonra bu ikinci haldır: Ermənistan tərəfi 2011-ci ildə Azərbaycan Prezidentinin Kazanda irəli sürdüyü 10 şərti geri götürməyənədək danışıqlara razılıq verməyəcəyini bildirmişdi. Sonradan danışıqlar Azərbaycan şərtini geri götürmədən bərpa edildi. Ermənistanın bu dövrdə danışıqlara qeyri-ciddi yanaşması aprel döyüşlərinə gətirib çıxardı. Aprel döyüşlərindən sonra ermənilər prezidentlərin Vyana Sankt-Peterburq görüşlərində əldə olunmuş müqavilələrin reallaşmasını şərt kimi irəli sürmüşdü. Şərti yerinə yetirilməsəydi, Ermənistan danışıqlara getməyəcəkdi. Ermənistan danışıqlara getdi, şərti də Azərbaycan tərəfindən qəbul edilmədi.

Ermənistanın 3 həmsədr ölkə ilə münasibətlərində ciddi problem yaranıb.

Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye son mətbuat konfransında Ermənistanın ünvanına kəskin fikirlər səsləndirdi. O iki ölkə arasında mal dövriyyəsinin cəmi 50 milyon avro olduğunu bildirdi. Ermənistanın və Fransada bir qrup ermənipərəstin Fransa-Ermənistan dostluq münasibətləri barədə nağılları fonunda səfirin bu açıqlaması soyuq duş oldu. Nəzərə almaq lazımdır ki, səfir iyun ayının əvvəlində də keçirdiyi mətbuat konfransında iki ölkə münasibətləri barədə müsbət olmayan fikirlər səsləndirmişdi.

Fransa səfirinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlama daha çox diqqət çəkir: Fransa Ermənistanın və Azərbaycanın başçıları arasında daimi dialoqun tərəfdarıdır. Səfirin bəyan etdiyi bu rəsmi mövqe Ermənistanın Dağlıq Qarabağ məsələsindəki mövqeyinə iki prizmadan ziddir.

Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində “iki tərəf” terminindən yayındığı halda Fransa səfiri qətiyyətli şəkildə “iki ölkə başçı” termini işlədir. Səfir daimi dialoqun tərəfdarıdır. Rəsmi Yerevan isə danışıqlarda deyil, imitasiyada maraqlıdır.

Moskvada ermənilərin tərəfdarlarının sayı artıb.  Bu hətta özünü Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyində göstərir. Amma bu, hələ bütün Rusiyanın, eləcə də Kremlin Ermənistana tərəf mövqeyinin dəyişilməsi deyil. Fikrimizi çatdırmaq üçün erməni mətbuatında yayılmış şərhə istinad etmək istəyirik; RF XİN-nin Azərbaycanı tənqid etməsi Azərbaycanın silah müqavilələrində pul ödəmələrini gecikdirməsinə qarşı təzyiq vasitəsidir. Ermənilər əgər öz ermənilərinə inanmırlarsa, RF-in Azərbaycandakı səfiri V.Doroxinə inansınlar. Səfirin fikrincə, Rusiya üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir.

Rusiya ilə Ermənistanın arasındakı münasibətlərdə isə çox ciddi problemlər var. Ermənistan öz ərazisində yeni hərbi baza yaratmaqdan və Suriyaya qoşun göndərməkdən imtina edir. Kreml bunu cavabsız qoya bilməz.

Vaşinqton səfir R.Millzin dili ilə Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymağa hazır olduğunu bildirdi. 8 milyard dollarlıq investisiya üçün ABŞ heç bir qeyri-adi şərt irəli sürmür. Ermənistan hələlik ABŞ-ın investisiya təklifinə müsbət cavab verə bilməyib. Hər halda Vaşinqton Yerevanın başını sığallamayacaq.

S.Sərkisyan hakimiyyətinin apardığı siyasətin saxta mahiyyəti həmsədr ölkələrə bəlli olur. Amma baş verənlər göstərir ki, S.Sərkisyanın ətrafı da bu siyasətin mahiyyətini başa düşür. Hakim “Respublika” partiyasının rəhbərlərindən biri, keçmiş təhsil naziri A.Aşotyan Azərbaycan rəsmilərinin Azərbaycanda diplomatiya günü ilə bağlı yaydığı açıqlamalar və təbriklərə çox orijinal cavab verdi. Belə başa düşmək olar ki, A.Aşotyan Süleyman Peyğəmbərin həvarilərindən birincisi olmağa layiq imiş. Çünki o ilanların və digər heyvanların dilini bilirmiş. Yerevan şəhərində ilanların üzə çıxması Ermənistan mətbuatında ən çox müzakirə olunan mövzulardandır. İlanlar üzə çıxırsa və zəlzələ baş vermirsə, deməli ilanlar ayrı mesajın daşıyıcılarıdır.

Bu mesaj isə belədir: Yerevan yaxın illərdə adamsız şəhərə çevriləcək. Ona görə ilanlar indidən Yerevanda məskunlaşırlar. İş də burasındadır ki, ilanların dilindən bu mesajı A.Aşotyan başa düşür. Ona görə də ilanların bu mesajını Ermənistan cəmiyyətinə çatdırmaq üçün Azərbaycan diplomatlarına tarixin qədimliyindən başlayan astronomik miqyaslı müraciət ünvanladı. A.Aşotyanın belə müraciəti Ermənistana çatanadək kiçilsə də, cüzi də olsa ermənilərə çatacaq. Hakim partiyanın digər rəsmisi E.Şarmazanovun da heyvanlara yanaşması dəyişir. Görünür, A.Aşotyanın heyvan dilini bilməsi E.Şarmazanovda paxıllıq hissi yaradıb. Həmsədr ölkələrlə münasibəti pisləşən Yerevana ilanların münasibəti istiləşib.

S.Xankişiyeva

Paylaş:
696

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər