Daha bir beynəlxalq qurumdan DAA-nın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətinə reaksiya gəlib
Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı 4 iyul tarixində ünvanlamış müraciətinə rəsmi cavab verib.
1news.az-a DAA-nın mətbuat xidmətindən verilən məlumata əsasən, məktubda komitə prezidenti Rəşad Quliyevə məsələni gündəmə gətirdiyi üçün təşəkkür edir və müraciətdə qeyd edilmiş məsələləri ciddi və xüsusi diqqətlə oxuduğunu, qeyd olunan məsələləri diqqətdə saxlayacağını bildirib.
O, Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda fəaliyyət göstərən nümayəndələrinin davamlı olaraq hər iki girovun saxlanma şəraiti ilə ciddi maraqlandığını, müalicə və müayinəsini xüsusi nəzarətdə saxladıqlarını məktubunda bildirib. Ayrıca hər iki şəxslə bağlı rəsmi qurumlarla danışıqlar getdiyi üçün bu danışıqların gizlilik anlaşmasına xüsusi riayət etdiklərinə görə girovların azadlığı ilə bağlı və bu məsələyə aid danışıqların tam detayları ilə bağlı açıqlama verə bilməyəcəyini təəssüflə məktubda qeyd edib.
“Mən çox əminəm ki, ciddi əməkdaşlıq və qarşılıqlı dialoq sayəsində biz hər iki şəxslə bağlı müsbət nəticələrin əldə olunmasına nail olacağıq”.deyə məktubda Peter Maurer qeyd edib.
Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev hər iki girovumuzla bağlı 04.07.2017 tarixində beynəlxalq təşkilatlara müraciət etmişdi. Müraciətdə hər iki girov heç bir beynəlxalq qurumun tanımadığı bir qondarma respublikanın məhkəmə orqanının çıxardığı qeyri qanuni, heç bir beynəlxalq normalara uyğun gəlməyən qərarından bəhs edilmiş, girovlara qarşı amansız davranışın beynəlxalq humanitar hüququn normalarına zidd olduğu qeyd olunmuş, girovlarımızın azad olunması üçün beynəlxalq təşkilatlardan Ermənistan hakimiyyətinə təzyiq göstərməyə səslənib.
Qeyd edək ki, bir neçə gün öncə Avropa İnsan Haqları Kommissarı Nils Muiznieks də müraciətə reaksiya vermiş , məsələni şəxsi icraatına götürdüyünü bildirib.
S.Xankişiyeva