Ermənilər yaşayış məntəqələrimizi atəşə tutub, şəhidimiz var
İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb.
1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Müdafiə Nazirliyi bir daha bəyan edir ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcək.
1news.az