Dövlət Komissiyası Şahbaz Quliyevlə bağlı məlumat yayıb
2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.
1news.az-ın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, bu barədə Komissiyaya aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən məlumat verilib.
Məlumata əsasən, zəruri müayinə prosedurlarını keçmiş Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib və sağlamlıq durumu normal vəziyyətdədir.
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Şahbaz Quliyev müayinə üçün Yerevan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Babək Cahandarov