Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evi oxucularına müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evi oxucularına müraciət edib

18:10 - 27 / 10 / 2017
Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evi oxucularına müraciət edib

Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evi son günlər adının sosial şəbəkələrdə xoşagəlməz şəkildə hallandırılması ilə bağlı oxucularına müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli oxucular! 

Nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar “Şərq-Qərb” ASC-nin adı sosial şəbəkələrdə xoşagəlməz şəkildə hallandırılır. Bu isə nəşriyyatımız haqqında ictimaiyyətdə çaşqınlıq yaratmaqdadır. Bunu nəzərə alaraq, işinə ciddi yanaşan bir qurum olduğumuzdan müəyyən məsələlərə aydınlıq gətirmək istərdik.

Sosial şəbəkələrdə “Şərq-Qərb” nəşriyyatı tərəfindən 2016-cı ildə dərc edilmiş 5-ci siniflər üçün “İngilis dili” dərsliyi ilə əlaqədar məlumat təqdim edilib. Məlumatda dərsliyin 32-ci səhifəsində 2 nömrəli tapşırıqda verilən dünya xəritəsinin üzərindəki coğrafi adların qeyri-dəqiq olduğu bildirilir və xəritənin şəkli təqdim olunur. Məsələni müzakirə obyektinə çevirənlər fərqində belə deyillər ki, xəritə tapşırıq məqsədilə verilib və üzərindəki adların qeyri-dəqiqliyi məqsədli xarakter daşıyır. 

Oxucuların diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üçün kurikulumun tələblərinə uyğun olaraq şagirdlərin dünyagörüşünün inkişaf etdirilməsi, müstəqil fikir yürütmək və nəticə çıxarmaq bacarıqlarının aşılanması baxımından düşündürücü tapşırıqların verilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir. Haqqında danışılan xəritə də dərsliyin metodik vəsaitinin 42-ci səhifəsində qeyd edildiyi kimi, tapşırıq məqsədilə verilib və həmin dərsin tədrisi ilə bağlı tövsiyələrdə şagirdlərin tənqidi təfəkkürünün inkişaf etdirilməsinə xidmət edən bir çalışma olduğu bildirilib. Hətta onun qruplarla iş formasında aparılması məsləhət görülüb”. 

Müraciətdə bildirilir ki, tapşırığın məqsədi şagirdlərin qeyri-dəqiq verilmiş coğrafi adları məkan baxımından düzgün müəyyən etməsi və yazılışını düzgün şəkildə verməsidir. Bu cür tapşırıqların necə tətbiq edilməsi isə hər bir müəllimin özünün tapşırığa yaradıcı yanaşması ilə bağlıdır: 

“O ki qaldı Azərbaycan Respublikasının adının qısaldılaraq qeyd edilməsinə, bütün dünya xəritələrində olduğu kimi, bu da yer məhdudluğu ilə əlaqədar baş vermişdir. 

Yeri gəlmişkən, ictimaiyyətin “Şərq-Qərb” nəşriyyatı ilə bağlı təəssüratına aydınlıq gətirmək və yaradılan çaşqınlığı aradan qaldırmaq üçün müəyyən məlumatları nəzərinizə çatdırmaq istərdik.
“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış yüksək ixtisasa və böyük təcrübəyə malik mütəxəssislər çalışırlar. Müəssisə hər il ümumi tirajı 2 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. 

Nəşriyyat kitab nəşri ilə əlaqədar dəfələrlə yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür. Beynəlxalq və yerli sərgilərdə uğurla iştirak etmişdir. Dərc etdiyimiz kitabların yüksək poliqrafik səviyyəsi və keyfiyyəti isə göz önündədir.

Bu məlumatları təqdim etməkdə məqsədimiz odur ki, “Şərq-Qərb” nəşriyyatının hər zaman öz işinə məsuliyyətlə yanaşdığını və cəmiyyətdəki nüfuzuna qarşı həssas olduğunu diqqətinizə çatdıraq. İstərdik ki, yüksək əzm və zəhmət hesabına dərc edilən dərsliklərə kimlərsə tərəfindən yanlış və ya qərəzli münasibət ictimaiyyətdə yanlış təsəvvür formalaşdırılmasın”.

Babək Cahandarov

Paylaş:
4249

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər