Çində elastik displeylərin seriyalı istehsalına başlanılıb
Çinin “BOE” şirkəti ölkədə üzvi işıq diodlu ekranların (OLED) istehsalı üzrə istehsal xəttini istifadəyə verib. Beləliklə, Çin Koreya Respublikasından sonra elastik displeylərin seriyalı istehsalının həyata keçirildiyi ikinci ölkə olub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “OLED” displeylərin ilk partiyası artıq “Huawei”, “Vivо”, “Xiaomi”, “ZTE” və Çinin əvvəllər analoji məhsulu “Samsung” istehsalçısından satın alan digər şirkətlərinə tədarük edilib.
Şirkətin vitse-prezidenti Çjan Yunun sözlərinə görə, displeylərin altıncı nəsil “AMOLED” (üzvi işıq diodlu aktiv matrisa) texnologiyasından istifadə edilməklə istehsalı şirkətin Sıçuan əyalətinin inzibati mərkəzi olan Çendu şəhərində yerləşən bazasında həyata keçirilir.
Məlumata görə, “OLED” ekran yüksək parlaqlıq, kontrastlıq, eləcə də kiçik qabarit və çəki daxil olmaqla bir çox üstünlüklərə malikdir. Çin istehsalçısının məhsulunun qalınlığı 0,03 millimetr təşkil edir.
Sıçuan əyalətində Myanyan şəhərində ikinci oxşar istehsal xəttinin 2019-cu ildə işə salınması planlaşdırılır.
Ekspertlərin proqnozlarına görə, elastik ekranlı qurğular yaxın illərdə Çin bazarına çıxarıla bilər.
1news.az