İspaniya məhkəməsi Karles Puçdemonun həbsi barədə hələlik qərar qəbul etməyib - YENİLƏNİB
İspaniya milli məhkəmə palatasının hakimi hazırda Brüsseldə olan Kataloniyanın vəzifədən kənarlaşdırılmış başçısı Karles Puçdemonun və region hökumətinin digər üzvlərinin həbsinə dair hələlik qərar qəbul etməyib.
1news.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məhkəmədəki mənbəyə istinadla məlumat yayıb.
“La Vanguardia” qəzetinin bir qədər əvvəl yaydığı xəbərə görə, milli məhkəmə palatasının hakimi Karmen Lamela Kataloniya hökumətinin bu gün ifadəsi alınmış səkkiz sabiq üzvünün, o cümlədən muxtariyyətin keçmiş başçısının müavini Oriol Junkersin işə baxılanadək həbsdə saxlanılması barədə order verib.
Qəzetin məlumatına görə, həbsdən yalnız sahibkarlıq və elm işləri üzrə sabiq müşavir Santi Vile yayına bilib. O, vəzifəsindən Kataloniyanın müstəqilliyi elan olunmazdan əvvəl könüllü şəkildə istefa vermişdi. Məhkəmə onun 50 min avro girov şərti ilə azadlıqda qalmasına razılaşıb.
22:08
İspaniyanın milli məhkəmə kollegiyası Kataloniyanın vəzifədən kənarlaşdırılmış başçısı Karles Puçdemonun və region hökumətinin dörd keçmiş üzvünün həbsinə order verib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərar onların məhkəməyə ifadə verməyə gəlməməsinə görə qəbul olunub.
Bundan başqa, məhkəmə Kataloniya hökumətinin bu gün ifadə verməyə gəlmiş səkkiz sabiq üzvü barədə həbs qətimkan tədbiri seçib. “El Pais” qəzetinin məlumatına əsasən, məhkəmənin qərarı, həmçinin muxtariyyətin keçmiş başçısının müavini Oriol Junkersə şamil olunub. Həbsdən yalnız sahibkarlıq və elm işləri üzrə müşavir Santi Vile yayına bilib. O, vəzifəsindən Kataloniyanın müstəqilliyi elan olunmazdan əvvəl könüllü şəkildə istefa vermişdi. Məhkəmə onun 50 min avro girov müqabilində azadlıqda qalmasına icazə verib.
Prokurorluq region hökumətinin sabiq üzvlərini üsyan və qiyamda, habelə dövlət vəsaitini dağıtmaqda ittiham edir. İspaniya qanunvericiliyinə əsasən, təkcə mərkəzi hakimiyyət orqanlarına qarşı üsyana təhriketmə 30 il həbs cəzası nəzərdə tutur.
1news.az