Minsk qrupu: XİN rəhbərləri Vyana görüşünə razılıq verib | 1news.az | Xəbərlər
Siyasət

Minsk qrupu: XİN rəhbərləri Vyana görüşünə razılıq verib

16:48 - 16 / 11 / 2017
Minsk qrupu: XİN rəhbərləri Vyana görüşünə razılıq verib

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovla  Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdikləri görüşlərə dair bəyanat yayıblar.

1news.az   ATƏT-in saytına istinadla xəbər verir ki, bəyanatda nazirlərin cari ilin dekabr ayında Vyanada keçiriləcək ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşmək barədə razılığa gəldikləri vurğulanıb.

Bəyantada qeyd edilib ki, həmsədrlər İqor Popov (Rusiya), Stepan Viskonti(Fransa), və Endrü Şofer (ABŞ) 14 və 16 noyabr tarixlərində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşlərdə  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər xarici işlər nazirləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın 16 oktyabr tarixində Cenevrə sammitində əldə etdikləri razılaşmaların həyata keçirilməsi  üçün konkret addımları və sammitdə qaldırılan digər məsələləri müzakirə ediblər. Görüşlər zamanı həmsədrlər və nazirlər bir sıra iş təklifləri nəzərdən keçiriblər.

Nazirlər cari ilin dekabrında Vyanada keçiriləcək  ATƏT Nazirlər Şurası çərçivəsində görüşə razılıq veriblər. Həmsədrlər münaqişənin siyasi həlli, təmas xəttində gərginliyin azaldılması üçün konkret tədbirlərin görülməsini əhatə edən əsas məsələlərin daxil olduğu görüşün gündəliyini hazırlayacaqlar.

Xüsusi diqqət gərginliyin azaldılması üçün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi işinin yekunlaşmasına ayrılacaq.

P.Sultanova

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər