“Uçan” piyada zolağı istifadəyə verilib
Avstriyanın Lints şəhərində ölkədə ilk 3D piyada zolağı istifadəyə verilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, avtomobil sürücülərinin yüksək sürətə meylli olduğu küçələrdən birində optik yanıltma sayəsində yaradılan süni maneədən yaxın gələcəkdə geniş istifadəsi nəzərdə tutulur.
"Zebra”nın xüsusi şəkildə çəkilməsi nəticəsində əldə edilən vizual effekt sayəsində piyadaların yoldan təhlükəsiz keçid imkanı yaxşılaşdırılıb. Bu süni maneə nəticəsində sürücülər sürəti azaltmağa və piyadalara qarşı diqqətli olmağa məcburdurlar. 3D piyada zolağı yalnız bir istiqamətdən effektiv şəkildə göründüyünə görə, onun əsasən birtərəfli yollarda istifadəsi daha məqsədəuyğundur.
Yaxın gələcəkdə Avstriyanın Fillax, Zaltsburq və Klaqenfurt şəhərlərində də oxşar piyada zolaqları istismara veriləcək.
S.Xankişiyeva