Bakı Dəmiryolu Vağzalında axtarışlar başa çatıb - YENİLƏNİB

Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb.
1news.az APA-ya istinadla xəbər verir ki, həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Elan olunub ki, bilet almaq istəyən şəxslər binaya daxil ola bilərlər.
Vağzalın əməkdaşları da binaya buraxılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib.
1news.az
13:52
Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.
Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.
Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.
Məlumata görə, Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalda bilet satışı dayandırılıb. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.
Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.
1news.az