Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 80 illiyi tamam olur.
Elza İbrahimova musiqinin ən müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik, mənəvi saflıq aşılayan çox sayda dərin məzmunlu əsərlər meydana gətirmişdir. Bəstəkarın uzun illər görkəmli ifaçıların repertuarını daha da zənginləşdirmiş mahnıları müasir Azərbaycan musiqi sənəti xəzinəsinin dəyərli nümunələri olub, özünə xas lirizmi və melodikliyi sayəsində dinləyicilərin böyük rəğbətini qazanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermiş bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az