Jurnalistlər arasında futbol turniri keçirilib – FOTO
AFFA-nın, Bakı Olimpiya Stadionunun (BOS) və AFFA-nın yanında Media Komitəsinin təşkilatçılığı ilə jurnalistlər arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramlarına həsr olunmuş futbol turniri keçirilib.
1news.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionda təşkil olunmuş turnirdə üç komanda mübarizə aparıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin qalibi adını AFFA-nın yanında Media Komitəsinin üzvü İlqar Tağıyevin rəhbərlik etdiyi komanda qazanıb.
Turnirin sonunda BOS-un direktor müavini Rüstəm Adilov və Media Komitəsinin sədri Mahir Rüstəmlinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.
Turnirin iştirakçılarına diplom və medallar, qalib komandaya isə əlavə olaraq kubok təqdim olunub.
Bundan başqa turnirdə fərqlənən oyunçulara – turnirin bombardiri olan Elvin Rüstəmova (futbolplanet.az) və turnirin ən yaxşı oyunçusu adına layiq görülən Babək Cahandarova (1news.az) xüsusi hədiyyələr verilib.
Sonda xatirə şəkli çəkdirilib.
1news.az