Yunan-Roma güləşçilərimiz ilin ilk sınağına İranda çıxacaqlar
Yanvarın 25-26-da İranın Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, turnir yunan-Roma güləşçilərinin reytinq xallarının hesablanacağı ilk yarışdır.
Yunan-Roma güləşi üzrə yığmamızın üzvləri yarışda baş məşqçi Şaban Donat və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında iştirak edəcəklər. Heyətdə Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq), Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (72 kq), Nəsir Həsənov (77 kq), Türmən Eyyubov və Orxan Nuriyev (hər ikisi 97 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək.
2018-ci ilin təqvim planında nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.
1news.az