Prezident İlham Əliyev Avstraliya və Hindistanın dövlət başçılarını təbrik edib
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab General-Qubernator, ölkənizin milli bayramı – Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Avstraliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi yolunda atdığımız addımlar bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Dövlət başçısı Hindistan prezidenti Ram Nat Kovində təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. İnanıram ki, ölkələrimiz arasında bu ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim sülh və rifah diləyirəm".
1news.az