İlham Əliyev: Tam müstəqil siyasət aparırıq və öz mövqeyimizi çəkinmədən ifadə edirik - YENİLƏNİB
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
- Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və biz bu il dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlamalıyıq.
Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir.
Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.
Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.
Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.
Ölkəmizdə köklü iqtisadi islahatlar icra edilmişdir. Bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.
Ancaq, eyni zamanda, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.
Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri də göz qabağındadır. Biz əlbəttə ki, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlamalı idik. Çünki bu, olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq.
Beləliklə, əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur.
Energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir. Ona görə biz, ilk növbədə, bu məsələlərlə məşğul olmağa başlamışıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu elektrik stansiyalarının mövcud olması ilə sıx bağlıdır. Biz indi sənaye istehsalımızı, iqtisadi gücümüzü artırırıq. Yeni müəssisələr, yeni yaşayış kompleksləri yaradılır, əhali artır. Biz bunların hamısını nəyin hesabına enerji ilə qidalandıra bilərdik?! Ona görə, ilk növbədə, bu məsələ həll olundu. Növbəti illərdə əminəm ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə istifadə etməliyik və bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı addımlar atılacaq.
2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək və bu il görüləcək işlər haqqında bir qədər sonra danışacağıq.
İçməli su və kanalizasiya problemləri insanları çox ciddi narahat edən problemlər idi. Düzdür, bu sahənin bilavasitə iqtisadi və sənaye inkişafımıza o qədər də böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir. Ona görə biz bu məsələ ilə də ciddi məşğul olmağa başlamışıq.
2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri, - bu da tarixi hadisədir, - inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.
Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görüldü. Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri olacaqdır və biz artıq bunu görürük.
Biz hazırda yeni layihələr üzərində işləyirik. Keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir. Bu il də hədəf 100 min hektardır. Beləliklə, biz suvarılmayan torpaqlara həyat gətiririk, su gətiririk, fermerlərə, sahibkarlara şərait yaradırıq və kənd təsərrüfatımızın inkişafına nail oluruq.
Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilmişdir.
Beləliklə, ölkə iqtisadiyyatının, regionların inkişafı üçün bu əsas infrastruktur layihələri icra edildi. Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır. Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəlir. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.
Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq.
On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır.
2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Yəni, 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub.
Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir.
Ona görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik.
Keçən il valyuta ehtiyatlarımızın artırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda, neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq.
On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq.
On dörd il ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki, yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar.
Ona görə iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir.
Bax, budur, bizim əsas iqtisadi göstəricilərimiz. Eyni zamanda, sosial sahəyə çox böyük diqqət göstərilmişdir. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib.
Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir.
Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Nəzərə almalıyıq ki, 14 ilin əsas hissəsində manatın məzənnəsi dollara nisbətən daha da yüksək idi. Ona görə bu iki milyard manat ən azı iki milyard dollar deməkdir. Güzəştli şərtlərlə verilən bu kreditlər sahibkarlar tərəfindən yüksək qiymətləndirildi, onlar bu kreditlərdən istifadə edərək yeni müəssisələr, iş yerləri yaratdılar və o vəsaiti qaytararaq yenə də imkan verirlər ki, biz bu vəsaiti digər sahibkarlara güzəştli şərtlərlə verək, necə ki, bu il də bu, nəzərdə tutulur.
Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır.
Biz bütün bu işlərlə paralel olaraq, ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək üçün böyük addımlar atmışıq. Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır.
Əlbəttə ki, ölkəmizdə aparılan və tərəfimizdən irəli sürülmüş nəhəng nəqliyyat və energetika layihələri həm böyük vəsait tələb edirdi, eyni zamanda, ölkəmizin uzunmüddətli uğurlu inkişafını şərtləndirən layihələrdir.
Nəqliyyat sahəsində. Ölkəmizdə yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir.
Mən avtomobil yolları haqqında danışdım.
Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edildi. Bu gün biz bütün növ gəmiləri istehsal edə bilərik. Artıq gəmiqayırma zavodu önəmli, böyük sifarişlər icra edir. Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır. Bu liman olmadan biz nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilə bilməzdik. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir.
Biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə olan bütün məsələləri qısa müddət ərzində həll etdik. Beləliklə, beynəlxalq əməkdaşlığa gözəl şərait yaratmışıq. Dəmir yolunun yenidən qurulması istiqamətində işlər görülüb, görüləcək və biz bu barədə danışacağıq.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edir. Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Bu, mümkün olmazdı. Heç kim də bizim neft-qaz yataqlarımıza vəsait qoymazdı, əgər bunun ixrac imkanı yoxdursa. Daxili bazarımız isə bizdə olan yataqlarla müqayisədə kiçikdir. Ona görə bu kəmərlər mütləq tikilməli idi və çox ağır şəraitdə, təzyiqlər şəraitində tikildi, bizə qarşı kampaniyalar aparılırdı. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün antiazərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki, qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars olmazdı. Əgər bu, olmasaydı, “Şahdəniz-2” də olmazdı. Cənub Qaz Dəhlizi – dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Onda bizim həyatımız necə olacaqdı? Bizim iqtisadi vəziyyətimiz necə olacaqdı. Təsəvvür etmək o qədər də çətin deyil.
Ona görə bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı.
Ona görə bu 14 il ərzində görülmüş işlərin hamısını bir çıxışda sadalamaq mümkün deyil. Bəlkə də günlər lazımdır ki, biz bütün işləri qeyd edək. Sadəcə olaraq, mən bu gün əsas məqamları ictimaiyyətin diqqətinə çatdırdım. Görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq.
X X X
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV çıxış edərək dedi:
Möhtərəm cənab Prezident.
Sizin müəllifi və təşəbbüskarı olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində olduğu kimi, Lənkəranda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, rayonun siması tamamilə dəyişib, əvvəlki şöhrətini özünə qaytarıb. Lənkəranlılar bu əvəzsiz diqqətə və qayğıya görə həmişə Sizə minnətdardırlar.
Dünyanın heç bir dövlətində müşahidə olunmayan, məhz Sizin davamlı diqqətinizlə sahibkarlığın inkişafına verilən dəstək və iş adamları üçün yaradılan əlverişli mühit rayona investisiya cəlb olunmasına yeni imkanlar yaradıb.
Sizin tapşırığınızla Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi potensialı araşdırılıb, inkişafı daha vacib olan sahələr müəyyən edilərək, özəl investisiyanın cəlb olunması istiqamətində konkret işlər görülüb. Nəticədə özəl investisiya hesabına rayonda ümumi dəyəri 62,3 milyon manat olan 16 obyektin, o cümlədən iri çəltikçilik təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, sitrus meyvə bağlarının, istixana kompleksinin, turizm, istirahət və əyləncə mərkəzlərinin yaradılmasına başlanılıb, artıq 41,8 milyon manat vəsait xərclənib, 1380 yeni iş yeri açılıb. Ümumilikdə isə ötən il rayona 124,6 milyon manat özəl investisiya cəlb edilib, 3700 yeni iş yeri açılıb.
Möhtərəm cənab Prezident, ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişaf etdirilməsi ilə bağlı Sizin qəbul etdiyiniz müdrik qərarlar, verdiyiniz tapşırıq və tövsiyələr əsasında aqrar sahədə böyük canlanma yaranıb, onun tarixi şöhrəti özünə qayıtmağa başlayıb. Bu, bir həqiqətdir ki, Sizin apardığınız düşünülmüş siyasət nəticəsində insanlar torpağa bağlanıb, onların maddi rifah halı xeyli yaxşılaşıb, məhsul bolluğu yaranıb. Artıq kənd yerlərində demək olar ki, işsiz insan yoxdur, onlar halal zəhmətləri ilə öz dolanışıqlarını təmin edirlər.
Ötən il Sizin rəhbərliyinizlə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi və imzaladığınız müvafiq sərəncamlar rayonda bu sahələrin inkişafına yeni imkanlar yaradıb.
Unudulmaqda olan ənənəvi çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyi sahələrinin bərpasına Sizin göstərdiyiniz diqqət əhalimiz tərəfindən böyük rəğbətlə qarşılanıb, aparıcı ölkələrin qabaqcıl təcrübəsi öyrənilməklə, bu sahələrin inkişaf etdirilməsinə başlanılıb.
2017-ci ildə çayçılığın inkişafına 7,7 milyon manat investisiya yönəldilib, əkin sahələri 604 hektara, işləyənlərin sayı 2 min nəfərə çatdırılıb. İstifadəsiz qalan torpaqlarda, eləcə də dağətəyi ərazilərdə, yamaclarda tapşırığınıza əsasən növbəti illərdə terras üsulu ilə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub.
Ötən il respublikada, ilk dəfə olaraq, bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilmiş ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Bununla məqsədimiz Sizin tövsiyələrinizi əldə rəhbər tutaraq ənənəvi çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal edib ölkəmizin ərzaq təhlükəsizliyi proqramına töhfəmizi verməkdir.
2017-ci ildə 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Cari ildə bu gəlirli sahələrin iki dəfə artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz, dadına görə idxal edilən düyülərdən daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda “Lənkəran düyüsü” adı ilə tanınır. Onun daxili bazarda satış rəqabətini təmin etməklə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılması istiqamətində də işlər davam etdirilir.
Ötən il rayonda sitrus meyvəçiliyinin inkişafı istiqamətində də işlər davam etdirilib, xaricdən gətirilmiş məhsuldar sitrus növlərindən yeni bağlar salınıb.
Sizin apardığınız siyasət nəticəsində rayonumuz üçün ənənəvi olmayan baramaçılığa da insanlarımızda böyük həvəs yaranıb. Cari ildə rayonda ilk dəfə olaraq barama istehsalına başlanılacaq.
Turizmin inkişafı da Sizin diqqətinizdən kənarda qalmayıb. Ötən il bu sahəyə 25,1 milyon manat investisiya qoyulub, 800 yeni iş yeri açılıb. Sizin tapşırığınıza əsasən, yaxın aylarda istifadəyə veriləcək Lənkəran İstisu və Sağlamlıq Mərkəzi rayonda turizmin inkişafına yeni təkan verəcək.
Cənab Prezident, üzərimizə düşən məsuliyyəti dərindən dərk edərək Sizi əmin edirik ki, bu şərəfli vəzifələrin layiqincə yerinə yetirilməsi üçün xalqımızla birlikdə lənkəranlılar da bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Diqqətinizə görə çox sağ olun.
X X X
Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ” Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz NOVRUZOV çıxış edərək dedi:
- Cənab Prezident.
Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Xüsusilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib.
Göstərdiyiniz qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf mərhələsinə qədəm qoyub. Muxtar respublikada iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib, sahibkarlıq fəaliyyəti güclənib, yeni müəssisələr və iş yerləri yaradılıb, əlverişli biznes və investisiya mühiti formalaşıb.
Hazırda öz inkişafının yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin rolu getdikcə artır. Göstərilən dövlət dəstəyi biz sahibkarları daha fəal çalışmağa sövq edir. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının, göstərilən xidmətlərin əksər hissəsi özəl bölmənin payına düşür. Bunun nəticəsidir ki, özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 89 faizə çatıb.
Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən sahibkarlıq subyektlərindən biri də “Nəqşicahan Holdinq” şirkətlər qrupudur. Xidmət və istehsal sahələri üzrə fəaliyyət göstərən şirkət muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini davamlı olaraq verməkdədir.
Bu gün ölkəmizdə turizmin inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edilib. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı həm də turizmin inkişaf etdiyi ölkəyə çevirib.
Zəngin tarixi-mədəni irsi, nadir təbiət abidəsi olan Duzdağ, mədəni memarlıq abidələri, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bizim şirkətin də əsas fəaliyyət istiqamətlərindən biri turizm sektorudur.
Tibb və sağlamlıq turizmi sahəsində fəaliyyətimizi davam etdiririk. Sizin iştirakınızla 2008-ci ildə istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzinə hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün geniş imkanlar açır. Mərkəz Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan kimi ölkələrdən gələn turistlərin istirahət və müalicə məkanına çevrilib.
Bu illər ərzində təmsil etdiyim holdinq xidmət sektorları ilə yanaşı, yerli xammala əsaslanan idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına da üstünlük verib. “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti belə müəssisələrdəndir. Burada arsenli quru qaz, karbon qazı və quru buz istehsal olunur. Məhsullarımız daxili tələbatı tam ödəyir. Mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları və ərzaq məhsulları istehsalı ilə məşğul olan şirkətlər məhsullarımıza daha çox üstünlük verirlər.
“Nəqşicahan Holdinq” şirkətlər qrupu məşğulluğun tam təmin olunmasına öz töhfəsini verir. Şirkət tərəfindən müxtəlif profilli sahələrin yaradılması yeni iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda şirkətimizdə 1100 nəfər çalışır.
Cənab Prezident, bütün bunlar sahibkarlığın inkişafı üçün yaratdığınız şəraitin nəticəsidir. Göstərdiyiniz hərtərəfli qayğıya görə muxtar respublika sahibkarları adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.
X X X
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla həyata keçirilir, nəzərdə tutulmuş bütün infrastruktur layihələri Sizin diqqət və qayğınız sayəsində icra edilir.
Cənab Prezident, son iki ildə Sizin Tərtər rayonuna ardıcıl səfərləriniz, keçirdiyiniz görüşlər, mövcud problemlərimizin verdiyiniz tövsiyə və tapşırıqlar əsasında həll olunması əhali tərəfindən böyük rəğbətlə qarşılanır.
2016-cı ilin Aprel hadisələri tərtərlilərin Vətənə, torpağa bağlılığını bir daha nümayiş etdirdi. O çətin, ağır, həm də şərəfli günlərdə, cənab Prezident, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Tərtər şəhərinə və təmas xətti ilə 200 metr məsafədə yerləşən Qapanlı kəndinə səfəriniz, burada sakinlərlə görüşünüz onlara güc verdi, əminlik yaratdı və əmək coşqunluğunu qat-qat artırdı. Tərtərlilər cəbhə bölgəsində düşmənlə üzbəüz yaşamaqlarına baxmayaraq, quruculuq sürətini azaltmır, yaradır və yüksək nailiyyətlər əldə edirlər.
İqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı bu gün Tərtərdə dirçəliş dövrünü yaşayır. Xüsusən əkinçilik sahəsi sürətlə inkişaf etməkdədir. Çünki kəndlilər, fermerlər Sizin qayğınızı hiss edir, dövlətin dəstəyindən bəhrələnirlər.
Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq, ötən il rayonda 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən bu məhsulun əkin sahələri 3 dəfə artıb. İl ərzində 8419,9 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahələrinin hər hektarından orta məhsuldarlıq da keçən illə müqayisədə 4,5 sentner artaraq 27 sentnerə çatıb, hektardan məhsuldarlığa görə ölkə üzrə ən yüksək göstərici əldə edilib.
Saatlı rayonunda pambıqçılığın inkişafına dair keçirilən müşavirədə söylədiyiniz “Pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir” sözləriniz real həyatda öz təsdiqini tapıb. Ötən il pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər. Əldə olunan gəlir həm də halal qazanc hesabına kəndlilərimizin evlərinə ruzi-bərəkət gətirib, onların sevincini və razılıq hissini artırıb.
İcazə verin, yüksək diqqətinizə məruzə edim ki, fermerlərdən Habil İbrahimov 118 ton məhsul yığaraq 67 min 200 manat, Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat, Müslüm Babışov 91 ton məhsul tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsul yığaraq 28 min manat, Əzim Qaraşov 34 ton məhsul toplayaraq 20 min manat gəlir əldə ediblər. Cari ildə pambıqçılıq üzrə fermerlərimiz 840 min manatdan çox subsidiya alacaqlar.
Şəkər istehsalında yerli xammaldan istifadənin artırılması barədə tövsiyələrinizə əməl olunaraq ötən il 1541 hektarda şəkər çuğunduru əkilib. Tərtərdə şəkər çuğunduru ilk dəfə 2005-ci ildə cəmi 8 hektarda əkilmişdi. Rayonumuzda bu qiymətli bitkinin istehsalı əvvəlki ilə nisbətən 15,6 faiz artıb, hər hektardan orta məhsuldarlıq 42,6 ton olmaqla, ümumilikdə 65,7 min ton təşkil edib.
Ötən il kümçülərimiz 4610 kiloqram barama istehsal ediblər ki, bu da 2016-cı il ilə müqayisədə 4,8 dəfə çoxdur. Son 2 ildə rayonumuzda 125 min tut tingi əkilib.
Keçən təsərrüfat ilində ümumilikdə 43 min 658 nəfər kənd təsərrüfatı işlərinə cəlb olunub.
Möhtərəm cənab Prezident, Sizin Sərəncamınızla kənd təsərrüfatının inkişafında xidmətlərimə görə mənim II dərəcəli “Əmək” ordeni ilə təltif olunmağımı bütün Tərtər zəhmətkeşlərinin əməyinə verilən yüksək qiymət və qayğı kimi dəyərləndiririk. Sizə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, öz Prezidentinə güvənən tərtərlilər qarşıya qoyduğunuz bütün vəzifələri sabaha böyük inam hissi və yüksək əhval-ruhiyyə ilə bundan sonra da layiqincə yerinə yetirəcəklər. Müstəqil dövlətimizin gündən-günə inkişafı və tərəqqisi naminə əlimizdən gələni əsirgəməyəcəyik.
Diqqətinizə görə minnətdaram.
X X X
Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman XƏLİLOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının, cənab Prezident, Sizin tərəfinizdən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin qeyri-neft sənayesi dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında olduğu kimi, Neftçala rayonunda da uğurla davam etdirilir.
Möhtərəm cənab Prezident, Sizin böyük diqqət və qayğınız nəticəsində son illər Neftçala rayonu özünün yeni inkişaf mərhələsini yaşayır, rayonda sosial, iqtisadi və infrastruktur layihələri icra edilir. Bütün Neftçala sakinləri 2017-ci il sentyabrın 24-də Sizin rayonumuza etdiyiniz tarixi səfəri əlamətdar, unudulmaz gün kimi xatırlayır. Xüsusilə açılışını etdiyiniz Neftçala Sənaye Məhəlləsinin yaradılması rayonumuzla yanaşı, ətraf bölgələrdə də sənayenin sürətli inkişafına və əhalinin məşğulluğunun artırılmasına təkan verib. Bütün bunlara görə, cənab Prezident, Neftçala ictimaiyyəti Sizə öz məhəbbətini və dərin hörmətini bildirir.
Cənab Prezident, Sizin 2015-ci il 2 fevral tarixli Sərəncamınıza uyğun olaraq, ölkəmizdə ilk sənaye məhəlləsi də məhz Neftçalada yaradılıb. On hektar ərazini əhatə edən Neftçala Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına sənaye məhsullarının istehsalı və müvafiq xidmətlərin göstərilməsi üçün bütün zəruri infrastruktur - elektrik enerjisi, təbii qaz, rabitə-internet, su-kanalizasiya sistemi qurulub, müasir istehsalat blokları tikilərək sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin inzibati binasında sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta və poçt xidmətləri göstərilir, eləcə də texniki kitabxana və “startap”lar üçün ofis fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi ödənişsiz internetlə təmin olunub.
Hazırda Neftçala Sənaye Məhəlləsində layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil edən 9 rezident, o cümlədən avtomobil, balıq yemi və digər yemlər, balıq konservləri, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları və modul tipli məktəb binaları üçün konstruksiyalar istehsalı və digər sahələr üzrə məşğul olan sahibkarlar fəaliyyət göstərirlər. Məhəllədə, həmçinin kiçik sahibkarlar üçün emalatxanalar da yaradılıb.
Bu layihələr üzrə 4 müəssisəyə verilmiş investisiya təşviqi sənədi əsasında sahibkarlar 3,5 milyon manat vəsaitə qənaət edib, 2 müəssisəyə 6,5 milyon manat güzəştli kredit verilib və Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın daimi iş yerinin açılması üçün zəmin yaranıb.
Yeni layihələrin həyata keçirilməsi məqsədilə sahibkarların artan müraciətlərini nəzərə alaraq, Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sənayeləşmə siyasətinin tərkib hissəsi olan sənaye məhəllələrinin yaradılmasının çox böyük əhəmiyyəti var. Bu, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli ehtiyatlardan səmərəli istifadə yolu ilə sənaye sahələrinin inkişaf etdirilməsinə, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsinə, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaradır.
Ölkədə ilk sənaye məhəlləsinin Neftçala rayonunda yaradılması ilə bağlı qərarınıza və onun fəaliyyətini daim diqqətdə saxladığınıza görə, Sizə bir daha minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, əməli fəaliyyətimizlə dövlətimizin davamlı inkişafına töhfə vermək üçün bütün səylərimizi səfərbər edəcəyik.
Diqqətinizə görə minnətdaram.
X X X
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BABAŞOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Sizin müdrik siyasətiniz nəticəsində son illərdə qeyri-neft sektorunun, xüsusən də sənayenin və aqrar sahənin inkişafı ilə bağlı Dövlət proqramlarının qəbulu bütün regionlarda olduğu kimi, Qazax rayonunda da öz müsbət nəticələrini verməkdədir.
Sizin tapşırığınıza əsasən 2017-ci ildə rayonumuza investisiyanın cəlb olunması ilə bağlı işlər daha da genişləndirilib və iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat özəl sərmayə qoyulub. Əsasən yerli xammaldan səmərəli istifadə etməklə sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilib. Daş Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən dəyəri 15 milyon manat təşkil edən, illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatdırılıb, “HGC GROUP” MMC tərəfindən illik gücü 1 milyon ton sement və 825 min ton klinker olan istehsal müəssisəsi yaradılıb, “Saloğlu” mebel firması istehsalın genişləndirilməsinə 16 milyon manat vəsait yönəldib. Bu müəssisələrin məhsulları həm də ixracyönümlü olmaqla bölgənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.
Bunlarla yanaşı, rayonda konserv zavodu, tikinti materialları müəssisəsi də istifadəyə verilib, hazırda elektrod zavodunun inşası davam edir və 2018-ci ildə başa çatdırılacaq.
Ümumilikdə ötən il istifadəyə verilmiş müəssisələrdə 1177 yeni iş yeri yaradılıb.
Cənab Prezident, ən əsası isə odur ki, sakinlər rayonda həyata keçirilən və onların maraqlarına cavab verən belə layihələri çox yüksək qiymətləndirir, əhalinin, xüsusən də gənclərin məşğulluğunun təmin edilməsini böyük sevinc hissi ilə qarşılayır və Sizə minnətdarlıqlarını bildirirlər.
2017-ci ildə kənd təsərrüfatı sahəsinə 16,4 milyon manat investisiya cəlb edilib, sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan fermer təsərrüfatları və Qazax Aqroparkı yaradılıb. Ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını azaltmaq üçün yaradılmış əlverişli şəraitdən bəhrələnən fermerlər əkin sahələrini genişləndirib və rayon üzrə 18,7 min hektar sahədə kənd təsərrüfatı məhsulları əkiblər. 2018-ci ildə əkin sahələrinin 20 min hektara çatdırılması qarşıya məqsəd qoyulub.
Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələr insanların torpağa münasibətini ötən əsrin 70-80-ci illərində olduğu kimi əhəmiyyətli dərəcədə dəyişib, onların torpağa bağlılığını hədsiz dərəcədə yüksəldib.
Rayonumuz üçün ənənəvi sayılan kartof əkini ötən illərdə ən yaxşı halda 273 hektar idisə, 2017-ci ildə əkin sahələri 3 dəfə artırılaraq 809 hektara çatdırılıb, bu sahədə çalışanların sayı da artaraq 2380 nəfər təşkil edib, hektardan orta məhsuldarlıq 117 sentnerdən 271 sentnerə qaldırılıb, nəticədə rayon üzrə 22 min ton məhsul istehsal edilib.
Taxılçılıqda da yüksək nəticələr əldə olunub. Ötən il 36,5 min ton taxıl istehsal edilib ki, bu da 2016-cı ildəkindən 12,7 min ton çoxdur. Hər hektardan 33 sentner məhsul əldə edilib.
Baramaçılığın və tütünçülüyün inkişafı ilə əlaqədar verdiyiniz Sərəncam və tapşırıqların icrası ilə bağlı zəruri tədbirlər görülüb, nəticədə sakinlərdə həmin sahələrə maraq artıb və bu da, öz növbəsində, yüzlərlə ailənin gəlirlərinin və rifah halının yüksəlməsinə səbəb olub.
Ümumiyyətlə, əvvəlki illərdə kənd təsərrüfatında çalışanların sayı maksimum 7500 nəfər olduğu halda, ötən il bu sahəyə 13082 nəfər rayon sakini cəlb edilib.
Cənab Prezident, Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsində bütün ölkədə olduğu kimi, Qazaxda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri, əldə edilən yüksək nailiyyətlər, aparılan abadlıq-quruculuq işləri rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır, onlarda gələcəyə inam hissini artırır.
İcazə verin, Sizi əmin edim ki, insanların rifahı naminə qarşımıza qoyduğunuz mühüm vəzifələrin rayonumuzda uğurla icra olunması üçün bütün imkanları səfərbər edəcək və bu vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Diqqətinizə görə çox sağ olun.
X X X
Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad ƏYYUBZADƏ çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Bu gün ölkə iqtisadiyyatının, xüsusilə aqrar sahənin inkişaf etdirilməsində qabaqcıl texnologiyaların tətbiqi, təhlükəsizliyinə zəmanət verilən keyfiyyətli qida məhsullarının istehsalı, əhalinin ərzaq məhsullarına tələbatının yüksək səviyyədə ödənilməsi və rifahının daha da yaxşılaşdırılması sahəsində göstərdiyiniz fəaliyyətə, hər zaman hiss etdiyimiz diqqət və qayğıya görə cəbhə bölgəsində yaşayan və fəaliyyət göstərən iş adamları adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Rəhbərlik etdiyim müasir heyvandarlıq kompleksi 2008-ci ildə Ağdam rayonunun düşmənlə təmas xəttində yerləşən Əfətli kəndi ərazisində yaradılıb. Hər zaman bir sahibkar kimi Sizin və dövlətimizin dəstəyini hiss etmişik. Bunun nəticəsidir ki, 2010-cu ildə dövlət tərəfindən ayrılmış 800 min manat güzəştli kredit və lizinqdən istifadə etməklə, yaradılmış kompleksdə xaricdən gətirilmiş yüksək məhsuldarlığa malik cins heyvanların baş sayı 500-ə çatdırılıb, müasir avadanlıqlar alınaraq quraşdırılıb.
2016-cı ildə mənfur düşmənin təxribatına cavab olaraq başlanmış və tariximizə şanlı səhifələr yazmış Aprel döyüşləri zamanı qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq onu böyük itkilərlə geri çəkilməyə məcbur etdi. Həmin döyüşlərdə düşmən dinc əhalinin evləri ilə yanaşı, bizim təsərrüfatımızı da hədəfə almış və atdığı mərmilərin 6-sının təsərrüfatın ərazisinə düşməsi nəticəsində 200 başadək cins heyvan tələf olub, elektrik yarımstansiyası, sağım və gübrəsəpən aqreqatlar, soyuducu sistemlər və digər avadanlıqlar sıradan çıxıb, tikililər yararsız hala düşüb.
Hadisələrdən dərhal sonra Sizin və birinci xanım Mehriban Əliyevanın bölgəmizə səfəri hər zaman bizimlə olduğunuzu bir daha sübut etdi. Tapşırığınıza əsasən dövlət qurumlarının nümayəndələri yerli və xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə hadisə yerinə gələrək tələfat və dağıntıların aradan qaldırılması üçün hərtərəfli dəstək veriləcəyini bildirdilər. Təcavüzkar erməni vandalların törətdikləri vəhşiliklərin və dağıntıların mənzərəsi kütləvi informasiya vasitələri tərəfindən dünya ictimaiyyətinə çatdırıldı.
Dövlət lizinqi üzrə 460 min manat qalıq borc öhdəliklərimiz heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa olunmasına, yararsız hala düşmüş texniki avadanlıqlara və tələf olmuş cins mal-qaraya görə silindi. Sıradan çıxmış bütün avadanlıqlar dövlətimizin dəstəyi nəticəsində yeniləndi, xaricdən 200 baş məhsuldar cins heyvan alınaraq təsərrüfata gətirildi, müəssisəmizə yenidən 500 min manat güzəştli kredit verildi. Bu dəstək sayəsində təsərrüfatımız qısa müddət ərzində fəaliyyətini tam bərpa etdi.
Hazırda təsərrüfatda 30-dan çox işçi çalışır, 700 başdan artıq cins heyvan bəslənilir. Gündə 5 ton yüksək keyfiyyətli süd istehsal olunaraq emal müəssisəsinə təhvil verilir.
Möhtərəm cənab Prezident, təmas xəttində, düşmənin bir addımlığında fəaliyyət göstərməyimizə baxmayaraq, heç nədən çəkinmirik, Sizin qətiyyətinizə və Ordumuzun qüdrətinə inanaraq təsərrüfatımızı daha da genişləndiririk. Hədəfimiz cins heyvanların baş sayını 1500-ə, gündəlik süd istehsalını isə 20 tona çatdırmaqdır. Bu məqsədlə təsərrüfatın yem bazasını genişləndirmək üçün torpaq sahəsinin ayrılmasına ehtiyac vardır.
Bütün Azərbaycan xalqı kimi, biz cəbhə bölgəsinin sakinləri də torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin qüdrətlənməsi naminə yürütdüyünüz siyasəti dəstəkləyir, qətiyyətinizə inanırıq. Əminik ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.
Diqqətinizə görə çox sağ olun.
X X X
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik HƏTƏMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ölkəmizin iqtisadi inkişafının baza sütunlarından biri olan, müəllifi olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası yerli icra hakimiyyətlərinin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Yerlərdəki bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edən Dövlət proqramları ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb.
Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Salyan rayonunda da müasir texnologiyalar əsasında yeni istehsal sahələrinin yaranmasına nail olunub, rayona qoyulan investisiyaların həcmi xeyli artıb.
Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub.
Cənab Prezident, Sizin bölgələrə investisiyaların cəlb edilməsi sahəsində yerli icra hakimiyyətləri qarşısında qoyduğunuz vəzifələrin icrasını təmin etmək məqsədilə Salyan rayonunda özəl investisiya hesabına ümumi dəyəri 127 milyon manat olan təkcə 3 layihənin icrasına sahibkarlar tərəfindən 50,5 milyon manat vəsait xərclənib.
Rayonun Kürsəngi kəndi ərazisində 50 hektar torpaq sahəsində “GP ALPHA GREEN HAUSE” MMC tərəfindən ümumi dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb. Artıq 5 hektar sahədə istixana kompleksinin tikintisi başa çatıb və ilk məhsul istehsal olunub. Ümumilikdə 27,5 milyon manat vəsait xərclənmiş istixana kompleksində 160 nəfər işlə təmin edilib.
“Şəfa Broyler” MMC-yə yeni quşçuluq təsərrüfatının yaradılması ilə əlaqədar təkliflər verilib, birgə işin nəticəsi olaraq rayonun Həsənli kəndi ərazisində illik layihə gücü 12 milyon yumurta olan damazlıq quşçuluq təsərrüfatı yaradılıb. Görülmüş tədbirlər nəticəsində layihə dəyəri 25 milyon manat olan 18 quşçuluq ferması tikilib və 50 nəfər işlə təmin edilib.
Salyan Qida Məhsulları Kommersiya Şirkəti tərəfindən müasir tələblərə cavab verən yeni pivə və limonad istehsalı zavodu tikilib. İllik istehsal gücü 14,6 min ton olan zavodun tikintisinə 8 milyon manat investisiya qoyulub və 70 nəfər rayon sakini işlə təmin edilib.
Ümumiyyətlə isə 2017-ci ildə rayonda özəl investisiya hesabına sənaye, kənd təsərrüfatı, iaşə, emal və istehsal sahələri üzrə 51 layihənin icrasına 170 milyon manat investisiya yatırılıb.
2003-cü ildən bəri Salyan rayonunda 19 minə yaxın yeni daimi iş yeri açılıb. Həmin dövrlə müqayisədə sahibkarlıq subyektlərinin sayı 10,8 dəfə artaraq 10 min 752-yə çatıb.
2017-ci ildə rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilib, 32,3 min hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 19 min hektarda taxıl, 7 min hektarda pambıq əkilib. Ümumilikdə bu işlərə 23 min 527 nəfər cəlb olunub ki, bu da 2016-cı illə müqayisədə 1,5 dəfə çoxdur.
Əkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb edilməsi ilə bağlı tapşırıqlarınızın icrası nəticəsində rayonda 5 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı işlər başa çatdırılıb. Sahəsi 3 min hektar olan və tikintisi davam edən aqroparkda 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Möhtərəm cənab Prezident, Salyan rayonunun inkişafı ilə bağlı imzaladığınız 16 Sərəncam sosial-iqtisadi sahələrdə yüksək uğurların əldə olunması ilə nəticələnib. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində rayonumuzun siması son illər dəyişərək yeni, müasir görkəm alıb.
Rayonda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, irihəcmli infrastruktur layihələri həyata keçirilib, əhalinin içməli su, qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşıb, yeni yollar salınıb.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz ilə Azərbaycan vətəndaşının bu gününə, sabahkı rifahına, xoş gələcəyinə yönəldilmiş islahatların və Dövlət proqramlarının uğurlu nəticələrini hər bir salyanlı öz gündəlik həyatında hiss edir.
Rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə salyanlılar adından Sizə dərin minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, bundan sonra da tapşırıqlarınızın icrası istiqamətində bütün qüvvələri səfərbər edəcək, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.
Diqqətinizə görə sağ olun.
X X X
Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid HÜSEYNOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara göstərilən dəstək nəticəsində iqtisadiyyatımız 2017-ci ildə də dayanıqlılıq nümayiş etdirib.
Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan keçmiş Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq respublikasına çevrilmişdi. Böyük zəhmətlər hesabına şöhrət qazanmış bu sahə təəssüf ki, müstəqilliyimizin ilk illərində tamamilə dağıdılmışdı. Sizin qətiyyətli siyasətiniz, son illərdə pambıqçılığın inkişafı ilə bağlı verdiyiniz qərarlar və əvəzsiz dəstəyiniz nəticəsində Azərbaycan pambıqçılığının əvvəlki şöhrəti qaytarılıb. “Pambıqçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması, aqrolizinqə texnikalar, güzəştli kreditlər, pambıq istehsalçılarına emal müəssisələrinə satılmış hər ton xam pambığa görə 100 manat subsidiyanın verilməsi əhalinin bu sahəyə marağını daha da artırıb.
Sizin sədrliyinizlə pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabad və Saatlı rayonlarında keçirilmiş respublika müşavirələrində pambıqçıları dinləməyinizi, mövcud problemlərin aradan qaldırılması istiqamətində verdiyiniz tapşırıqları biz sahibkarlara olan dəstəyinizin təzahürü kimi qiymətləndiririk.
Möhtərəm cənab Prezident, 2011-ci ildə yaradılmış müəssisəmizdə yeni texnologiyanın tətbiqi nəticəsində emal imkanları artırılıb və müəssisəmiz iri pambıq emalı zavoduna çevrilib. Bunun üçün dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 8 milyon manat olan layihənin reallaşması üçün 3 milyon manat güzəştli dövlət krediti ayrılıb. Eyni zamanda, pambıq istehsalının artırılması məqsədilə dövlət lizinqi hesabına 79 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 2015-ci ildə 1080 hektarda, 2016-cı ildə 1500 hektarda, 2017-ci ildə isə 4566 hektarda pambıq istehsalı üçün 830 fermerlə müqavilə bağlanıb və bununla da əkin sahələri 2015-ci illə müqayisədə 4 dəfə artırılıb. Pambıq istehsalı isə 2015-ci ilə nisbətən 5 dəfə artırılaraq 2017-ci ildə 7430 tona çatdırılıb. Hazırda emal müəssisəmizdə 170 nəfər işçi çalışır.
Sizin qeyri-neft məhsullarının ixracının həcminin artırılması ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, müəssisəmiz tərəfindən xarici ölkələrə 2015-ci ildə 500 min ABŞ dolları dəyərində, 2016-cı ildə 1,5 milyon ABŞ dolları dəyərində mahlıc ixrac olunub. 2017-ci ilin məhsulundan isə bu günə qədər xarici ölkələrə 2,8 milyon ABŞ dolları dəyərində mahlıc ixrac olunub və hazırda emal işləri davam etdirilir. Göründüyü kimi, 2015-ci illə müqayisədə ixracımız 6 dəfəyədək artıb.
Cari ildə pambıq istehsalı sahəsini 5 min hektara və orta məhsuldarlığı 25 sentnerə çatdırmağı nəzərdə tutmuşuq.
Hörmətli cənab Prezident, ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı biz sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə pambıq istehsalçıları və emalçıları adından dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, ölkəmizin inkişafına göstərdiyiniz bu fədakar fəaliyyətinizdə daim Sizinləyik.
Allah Sizi qorusun.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam RZAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli konfrans iştirakçıları.
Ölkəmizin bütün regionları kimi, Balakən rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması nəticəsində rayonun sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, son 4 ildə ümumi məhsul buraxılışı 12,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 21 faiz artıb. 2017-ci ildə rayon iqtisadiyyatına bütün mənbələr hesabına 52,4 milyon manat investisiya yönəldilib, 1469 yeni iş yeri açılıb ki, onlardan da 927-si daimi iş yeridir.
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlirik.
Balakən tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın inkişaf etdirildiyi bir rayondur. Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, fındıq pöhrələrinin tədarük edilərək məhsul istehsalçılarına əvəzsiz verilməsi ilə bağlı imzaladığınız Sərəncam və verdiyiniz tapşırıqlar əhalinin bu sahəyə marağının artmasına səbəb olub. Son iki ildə rayondakı mövcud bağlardan 1,7 milyondan çox pöhrə tədarük edilməklə 3268 hektar sahədə fındıq bağları salınıb, bağların ümumi sahəsi 8934 hektara çatdırılıb.
2017-ci ildə 5,3 min ton fındıq tədarük edilib, məhsul satışından 14,5 milyon manatdan çox gəlir götürülüb, fındıq tədarükünə 2700 nəfərdən artıq işçi cəlb olunub. Növbəti illərdə daha 1700 hektarda fındıq pöhrələri əkilməklə yeni salınan bağların sahəsinin 5 min hektara çatdırılması nəzərdə tutulur.
Tütünçülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı sayəsində son illərdə rayonda bu sahədə də xeyli işlər görülüb. 2017-ci ildə 528 hektarda tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub. Nəticədə 1426 nəfər mövsümi işlə təmin olunub, tütün istehsalından 650 min manatdan çox gəlir əldə edilib.
Müvafiq Sərəncamınızla təsdiq olunan tütünçülüyün inkişafına dair Dövlət Proqramında digər rayonlarla yanaşı, Balakəndə də tütünqurutma məntəqəsinin yaradılması nəzərdə tutulur. Hazırda bu məqsədlə rayonda “Azərtütün” MMC-nin 540 ton gücü olan 60 yeni qurutma kamerasının tikintisinə hazırlıq işləri görülür. Buna görə rayon tütünçülərinin adından Sizə dərin təşəkkürümü bildirirəm.
Baramaçılıq da rayonun ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin artırılması ilə bağlı qəbul olunmuş Dövlət Proqramı və imzaladığınız Sərəncam tənəzzülə uğrayan baramaçılığın yenidən dirçəldilməsini şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb. Nəticədə 2017-ci ildə rayonda əvvəlki ilə nisbətən 3,4 dəfə çox, yəni, 11 ton barama istehsal olunaraq təhvil verilib. Cari ildə isə hədəfimiz barama istehsalını 25 tona çatdırmaqdır.
Baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son iki ildə 231 min ədəd tut tingi əkilib.
Ümumilikdə, 2017-ci il üzrə kənd təsərrüfatına 13 min 700-dən çox işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul əhalinin 26,7 faizini təşkil edir.
Sizin tapşırığınızla regional inkişafda vətəndaş iştirakını təmin etmək üçün yaradılan “ABAD mərkəzi” 2017-ci ilin avqust ayında rayonumuza səfəriniz zamanı Sizin xeyir-duanızla istifadəyə verildi. Mərkəzdə zəruri istehsal avadanlıqları ilə təchiz olunmuş konteynerlərdə 7,3 tondan çox cem, mürəbbə və povidlo istehsal edilərək satış üçün Bakı şəhərinə göndərilib.
Sizin ixracyönümlü məhsul istehsalının təşviq edilməsi ilə bağlı verdiyiniz tapşırıqlara əsasən, ötən ilin sonlarında “Balxurma” MMC-nin rayonda fəaliyyətə başlayan və emal gücü həftədə 20 ton quru meyvə olan müəssisəsində yerli xurma sənaye üsulu ilə qurudularaq qablaşdırılır. Burada 120 nəfər sakinin məşğulluğu təmin olunub. Müəssisə istehsal etdiyi məhsulu 6 xarici ölkənin bazarlarında “Product of Azerbaijan” brendi altında satışa çıxaracaq.
Möhtərəm cənab Prezident, rayon əməkçiləri adından Sizi əmin edirəm ki, qarşımıza qoyduğunuz bütün vəzifələri sona qədər uğurla yerinə yetirəcəyik.
Diqqətinizə görə minnətdaram.
X X X
Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.
Prezident İlham Əliyevin yekun nitqi
- Qeyd etdiyim kimi, bu il üçüncü Dövlət Proqramı başa çatır. Bu il görüləcək işlər haqqında tapşırıqlar verəcəyəm. Bütün bu tapşırıqlar ilin sonuna qədər yerinə yetirilməlidir.
Yenə də həmişə olduğu kimi, ilk növbədə, bu il infrastruktur layihələri ilə bağlı görüləcək işlər aşağıdakılardır.
Qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır. Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır.
Giriş sözümdə qeyd etdiyim kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. İndi bizdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur və bu il yeni böyük elektrik stansiyası işə düşməlidir. Bu stansiya artıq bir neçə ildir ki, inşa edilir, “Şimal-2” elektrik stansiyasının açılışı bu il nəzərdə tutulur. Stansiyanın generasiya gücü 400 meqavatdır. Çox böyük stansiyadır, bizə əlavə potensial verəcək və əlbəttə ki, ilk növbədə, ixrac imkanlarımızı artıracaq. Çünki ölkə daxilində elektrik enerjisi ilə problemlər öz həllini tapıb, bizim əlavə ixrac imkanlarımız olacaqdır. Bununla belə, bu il bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, onların və transformatorların dəyişdirilməsi, yəni, elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində kifayət qədər böyük investisiya layihələri icra ediləcəkdir.
İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il ən azı üç şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaqdır. Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində işlərin, layihələrin tamamlanması nəzərdə tutulur. Bununla paralel olaraq, daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək. İl ərzində baxarıq, bəlkə, bu şəhərlər arasında da bu il başa çatacaq layihələr ola bilər. Giriş sözümdə qeyd etdiyim kimi, fasiləsiz su ilə təmin olunan əhali 67 faizdir, Bakı şəhərində 81, bölgələrdə 43. Bu məsələni həll etmək üçün, eyni zamanda, çaylarboyu yerləşən kəndlərdə müasir sutəmizləyici qurğuların tikintisi nəzərdə tutulur. Əvvəlki illərdə də belə layihələr icra edilib və çaylarboyu yerləşən kəndlərdə yüz minlərlə əhali bu imkanlardan faydalanıb. Bu il də bu layihələrin icrası nəzərdə tutulur və ən azı 300 subartezian quyusu qazılmalıdır. Vətəndaşlar bundan həm məişətdə, həm də kənd təsərrüfatında istifadə edirlər.
Meliorasiya ilə bağlı. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik. Bir neçə önəmli kanal layihələri icra ediləcəkdir. Dövlət İnvestisiya Proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra edilməlidir. Meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadə edilməsi üçün pivot suvarma sistemlərinin geniş tətbiqi təmin olunmalıdır. Bu məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı təşkil olunur ki, artıq xaricə vəsait getməsinin qarşısını alaq və özümüzü bu qurğularla özümüz təmin edək. Fermer təsərrüfatlarında, xüsusilə böyük aqroparklarda bu sistemlərdən mütləq istifadə olunmalıdır. Çünki bu, məhsuldarlığı böyük dərəcədə artırır və sudan səmərəli istifadə olunmasına imkan yaradır.
Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikildi, abadlaşdırıldı. Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulubdur. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulmuşdur.
Bu il sosial obyektlərin tikintisi ilə bağlı aşağıdakı tədbirlər nəzərdə tutulur.
Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır. Eyni zamanda, Füzuli rayonunda və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaqdır ki, bu xəstəxanalar 2019-cu ildə istifadəyə verilsin. Ancaq onu da qeyd etməliyəm ki, həm Füzuli, həm də Qəbələ rayonlarında vaxtilə müasir diaqnostika mərkəzləri istifadəyə verilib. Yəni, orada keyfiyyətli tibbi xidmət almaq üçün imkanlar var, sadəcə olaraq, yeni xəstəxanaların tikintisi təmin ediləcəkdir.
Keçən il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib. Bu da bildiyimə görə, dünya praktikasında yeganə bir hadisədir ki, biz bunu edirik. Əlbəttə ki, bu il də vətəndaşlar bu gözəl imkanlardan istifadə etməlidirlər və artıq edirlər. Mən əvvəlki illərdə rayon mərkəzi xəstəxanalarının açılışı zamanı demək olar ki, həmişə vətəndaşlara üz tutaraq onları bu məsələyə dəvət edirdim. Bu gün isə artıq bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün müasir avadanlıq, müasir xəstəxanalar var və şadam ki, vətəndaşlar bu imkanlardan istifadə edirlər.
Təhsil sahəsində. Bu il 137 modul tipli məktəb tikiləcək. Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək . Beləliklə, biz Bakı şəhərində məktəb tikintisi və təmiri problemlərinin həllinə nail olacağıq. Əlbəttə ki, növbəti illərdə bütün bölgələrdə, rayonlarda yeni məktəblər tikiləcək, təmir olunacaq. Ancaq qarşıya məqsəd qoyulub ki, bu il biz qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək. Hesab edirəm ki, bu, mümkündür.
Dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir. Onlardan ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcəkdir.
Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir. Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq.
Mən giriş sözümdə iş yerlərinin yaradılması ilə bağlı fikirlərimi bildirdim. Bu, daimi proses olmalıdır. Əhalinin artımı daim yeni iş yerlərinin yaradılmasını tələb edir. Hesab edirəm ki, keçən il bu istiqamətdə rekord nəticə əldə edilmiş, 177 min daimi iş yeri açılmışdır. Bu il də əlbəttə ki, bu istiqamətdə işlər görüləcək. Bizim planlarımız, bölgələrə və böyük şəhərlərə qoyulan investisiyalar əslində iş yerlərinin yaradılmasını təmin edir. Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi, əlbəttə ki, iş yerlərinin açılmasına şərait yaradır.
Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq.
Bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni, şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür. Ümumiyyətlə, mən sahibkarlara da müraciət etmək istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki turistlərin sayı artacaq, suvenirlərə daha da böyük ehtiyac olacaqdır.
“ABAD”la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir, iki milyard manatdan çox güzəştli kreditlər verilib. Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir.
Mən giriş sözümdə sərmayə qoyuluşu ilə bağlı qeyd etdim ki, bu il ən azı keçən ilin səviyyəsində sərmayə nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Mən giriş sözümdə bu məsələyə kifayət qədər geniş toxundum ki, dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər.
Bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır. Əlbəttə, burada təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər.
Mən keçən il cəlb edilmiş sərmayələrlə bağlı birinci yerlərdə olan rayonları qeyd etmək istəyirəm. Həm keçən il qoyulmuş sərmayənin, həm də bu investisiya layihələrinin ümumi həcmi ilə bağlı. Beləliklə, keçən il sərmayə qoyuluşuna görə ilk onluğa aşağıdakı rayonlar daxil edilib - Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı. Keçən il ən çox investisiyalar bu rayonlara qoyulub. Ancaq ümumi həcminə görə 100 milyon manatdan çox olan sərmayə layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonudur. Qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənilir. İkinci yerdə Sumqayıt şəhəridir, 186 milyon manat. Üçüncü yerdə Saatlı rayonudur, 152 milyon manat. Dördüncü yerdə Salyan rayonudur, 126 milyon manat. Beşinci yerdə Qəbələ rayonudur, 116 milyon manat. Yəni, həcmi 100 milyon manatdan artıq olan layihələr rayon üçün, əlbəttə ki, çox yaxşı rəqəmdir. Yüz milyon manata bir qədər çatmayan, - amma mən onu da qeyd etməliyəm, - Gəncə şəhəridir, 98 milyon manat investisiya qoyuluşu nəzərdə tutulur. Yəni, bunlar çox böyük rəqəmdir, çox yaxşı göstəricidir. İndi məndəki bu cədvəldə bütün rayonlara qoyulan və qoyulacaq sərmayənin həcmi var. Bu, geniş, ciddi təhlil ediləcək. Ancaq deməliyəm ki, bu proses artıq başladı. Burada həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları birgə işləyirlər və birgə işləməlidirlər.
Bu il nəqliyyatla, dəmir yolu nəqliyyatı ilə bağlı bir neçə önəmli layihə icra ediləcək. Qeyd etdiyim kimi, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və artıq fəaliyyətə başlayır. Maraq da çox böyükdür, həm Davos Dünya İqtisadi Forumu çərçivəsində, həm digər forumlarda bu məsələ ciddi şəkildə müzakirə edilir. Demək olar ki, bu, dünyanın gündəliyində duran infrastruktur-nəqliyyat layihələri arasında xüsusi yer tutan layihədir. Şadam ki, təhlilçilər, ekspertlər bu layihənin icrasında Azərbaycan dövlətinin rolunu xüsusi qeyd edirlər və yüksək qiymətləndirirlər. İndi biz çalışmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görülsün və əlbəttə ki, görüləcəkdir. Yeni vaqonların, sisternlərin, gəmilərin istehsalı, konteynerlərin alınması istiqamətində müvafiq göstərişlər verilmişdir. Artıq Asiyadan Qərb istiqamətinə yüklərin sayı gündən-günə artmaqdadır. Beləliklə, biz Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail ola bilmişik.
Bu il Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması istiqamətində işlər görüləcək. Təbii ki, bu yol fəaliyyətdədir. Ancaq biz bu yolu modernləşdirməliyik ki, sürət artsın. Çünki biz Bakı-Tbilisi-Qars yolu ilə göndəriləcək çox böyük yüklər gözləyirik. Ona görə qatarların sürəti yüksək olmalıdır və eyni zamanda, bu, vətəndaşlar üçün də çox önəmlidir. Sürət yüksək olduqda əminəm ki, vətəndaşlar qərb istiqamətinə, qərb bölgəsindəki şəhərlərə qatarla getməyə üstünlük verəcəklər. Xüsusilə nəzərə alsaq ki, yeni, müasir sərnişin qatarları da alınır və alınacaq, çox rahat gediş-gəliş təmin ediləcək.
Qeyd etdiyim kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb. Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır. Hesab edirəm ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bir hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda, istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır.
Qeyd etməliyəm ki, bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər.
Turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək.
Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır. Bu yaxınlarda mən orada olmuşam, işlərlə maraqlanmışam. Yəni, işlərin tamamlanmasına az vaxt qalır. Beləliklə, 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı fəaliyyətə başlayacaq. Yüz min konteynerin daşınması nəzərdə tutulur. Baxarıq, əgər buna daha böyük tələbat olarsa, hesab edirəm ki, biz Ələt limanını qısa müddət ərzində genişləndirə bilərik. Bunun üçün bütün imkanlar var, texniki imkanlarımız da kifayət qədər böyükdür. Bu da tarixi layihədir. Çünki Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmir. Ancaq buna baxmayaraq, açıq dənizlərə, okeanlara çıxışımız olmaya-olmaya biz nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilirik və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər onlarla ölkəni bir-birinə bağlayır, onlarla ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür. Bax, qapalı şəraitdə, açıq dənizə çıxışı olmayan ölkədə belə layihələri icra etmək tarixi xidmətimizdir.
Bu il üç “ASAN xidmət” mərkəzi açılmalıdır - Mingəçevir, Şəki, İmişli şəhərlərində. Beləliklə, bu mərkəzlərin sayı 15-ə çatacaq. Beş mərkəzin tikintisi isə bu il başlanmalıdır. Onların açılışı gələn il nəzərdə tutulur. Beləliklə, gələn il bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaqdır.
Artıq keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin – MİDA-nın ikinci layihəsinə Hövsanda start verilib. İşlər gedəcək, orada on min insan sosial evlərlə təmin ediləcək. Yasamal layihəsi icra edilir. Artıq bu il Yasamal layihəsinin evlərinin bir hissəsi vətəndaşlara təqdim ediləcəkdir.
Hesab edirəm ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş yüz minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir.
Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm. Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti. Biz şərait yaradırıq, kömək göstəririk, investisiya qoyuruq ki, sonra da özəl sektor və xarici şirkətlər sərmayə qoysunlar. Ona görə Sumqayıt Kimya Sənaye Parkının yaradılması hesab edirəm ki, bizim böyük uğurumuzdur. Bu il isə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanlarına da malik olacaq. Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR Polymer” zavodu kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki xammaldan məhsullar Azərbaycanda istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi dərhal yerli sənaye istehsalı yaradılmalıdır.
Digər şəhərlərdə də sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır. Bu il Mingəçevir Yüngül Sənaye Parkının ilk zavodlarının açılışı gözlənilir. Neftçala Sənaye Məhəlləsi artıq fəaliyyətə başlayıb. Hesab edirəm ki, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri bu il fəaliyyətə başlaya bilər. Dövlət investisiya proqramında kifayət qədər vəsait var. Özəl sektor da buna hazırdır və sifarişlər var. Beləliklə, hər bölgədə, hər rayonda müasir sənaye potensialı yaradılacaq.
Bildiyiniz kimi, bir müddət bundan əvvəl “Azərxalça” İstehsalat Birliyi yaradılmışdır. Göstəriş verilmişdir ki, xalçaçılıq sənətini yaşatmaq, gənc nəsli bu işlərə cəlb etmək, sənaye sahələrini və ixrac potensialını yaratmaq üçün biz bu sahəyə mütləq ciddi yanaşmalıyıq. Artıq biz bunu görürük. Mən bir neçə yeni xalça fabrikinin açılışında şəxsən iştirak etmişəm, bu il isə 10 yeni fabrikin açılışı nəzərdə tutulur. Beləliklə, bu ilin sonuna qədər bizdə 20 xalça fabriki fəaliyyət göstərəcək. Bu fabriklərin hər birində 150-yə qədər işçinin çalışdığını və əksəriyyətinin də qadınlar olduğunu nəzərə alsaq, görün, biz nə qədər iş yeri və güclü ixrac potensialı yaradırıq, özü də qadınlar üçün. Bütövlükdə isə birinci mərhələdə xalça fabriklərinin sayı 30-a çatmalıdır. Bu da yəqin ki, 2019-cu ildə öz həllini tapacaq. Xarici xammaldan asılılığı azaltmaq üçün ötən il Sumqayıtda əyirici boyaq fabrikinin təməli qoyuldu. Beləliklə, biz özümüzü lazım olan bütün vasitələrlə, iplərlə, boyalarla təmin edəcəyik. Pambıq və barama istehsalı artır. Ona görə biz xalçaçılığı yerli xammal əsasında qururuq və quracağıq. Onu da qeyd etməliyəm ki, bu il bölgələrdə bir neçə yun qəbulu məntəqəsi yaradılacaq. Əlbəttə ki, xalçaçılıq sənətinə bunun da böyük köməyi olacaqdır.
Kənd təsərrüfatı texnikası ilə bağlı bu il 160 milyon manat vəsait nəzərdə tutulub. Keçən il 10 min texnika gətirilmişdir. Bu il də bu proses davam etdiriləcək, müxtəlif texnikalar - taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər xüsusi texnikalar alınacaqdır, vəsait də nəzərdə tutulubdur. Nisbətən yeni kənd təsərrüfatı məhsulları üçün də xüsusi texnika tələb olunur. Çəltikçilik, çuğundurçuluq, çayçılıq üçün indi müasir maşınlar, mexanizmlər var ki, insan əməyini yüngülləşdirir və məhsuldarlığı artırır. Bunlar da alınmalıdır.
Bu il gübrənin alınması üçün subsidiyaların həcmi artırılacaq. Bu göstəriş verilib, indi sənədlər hazırlanır. Çünki məhsuldarlığa çox təsir edən amillərdən biri də gübrənin verilməsidir. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Suvarma işləri, texnika, gübrələr və pestisidlər, hamısını biz gərək elə təşkil edək ki, məhsuldarlıq artsın. Keçən il pestisid fabrikinin işə düşməsi nəticəsində biz özümüzü bu məhsulla təmin etmiş oluruq və xaricə valyuta daha getməyəcək. Qeyd etdiyim kimi, pivot suvarma sistemlərinin istehsalı ölkəmizdə başlayır.
Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik. Misal üçün, taxılçılıqla bağlı bəzi rəqəmləri ictimaiyyətə çatdırmaq istəyirəm. 2017-ci ildə 1 milyon 275 min ton buğda idxal olunub. Bu, 2016-cı illə müqayisədə 20 faiz azdır. Bu, yaxşı göstəricidir. Bu, onu göstərir ki, yerli istehsal artır. Ancaq görürsünüz ki, burada hələ nə qədər böyük iş həcmi var. Biz çalışmalıyıq ki, taxılçılıqda xaricdən asılılığı minimuma endirək. Heyvandarlıqla bağlı nəticələr də yaxşıdır. Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Əlbəttə ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək. Amma hələ ki, belə deyil. Baxmayaraq ki, bu sahədə çox böyük inkişaf var. Heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanmalıdır və qəbul edilməlidir. Biz bu il dövlət xətti ilə xaricdən yenə də 10 min baş cins mal-qara alacağıq, eyni zamanda, yaxın keçmişdə Göygöl rayonunda açılmış Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində mal-qaranın cins tərkibini daxili imkanlar hesabına da yaxşılaşdıracağıq.
Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik. Misal üçün, taxılçılıqda hektardan məhsuldarlıq 50 sentnerdən aşağı olmamalıdır. Belə də olacaq. Çünki indi bizim iri fermer təsərrüfatlarımızda, - hansı ki, dövlət dəstəyi ilə yaradılıb, - hektardan məhsuldarlıq 45-50 sentner və bəzən ondan da yüksəkdir. Ona görə biz buna nail olsaq, onda xaricdən asılılıq tamamilə aradan götürüləcək.
Bu yaxınlarda qida təhlükəsizliyi qurumu yaradılıb. Bu da çox ciddi məsələdir. Bu xüsusi qurum həm idxal olunan qida məhsullarına nəzarət edəcək ki, keyfiyyətsiz, yaxud da insan orqanizmi üçün zərərli mallar gətirilməsin, eyni zamanda, Azərbaycanda daxili bazar və həmçinin ixrac üçün kənd təsərrüfatı və emal məhsulları sağlamlığa tam fayda verəcək səviyyədə istehsal olunsun. Çünki biz qeyri-neft ixracımızı artırırıq və məhsul da keyfiyyətli olmalıdır. İndi demək olar ki, ölkələrin əksəriyyətində çox ciddi laboratoriya nəzarəti var. Əgər məhsul standartlara bir balaca uyğun deyilsə, onu heç kim almayacaq. Ona görə qida təhlükəsizliyi qurumu, ilk növbədə, ölkə əhalisinin sağlam qida əldə etməsi və eyni zamanda, ixracımız üçün yaradılır.
Bu il bizdə tərəvəz istehsalı və ixracı kəskin artacaq. Ölkəmizdə dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılır. Onların bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu proses geniş vüsət alıb, çox böyük maraq, çox böyük gəlir var. Sahibkarlar da bundan çox faydalanırlar. İxracla bağlı bizim heç bir problemimiz yoxdur. Biz yeni ixrac bazarlarına çıxırıq və çıxacağıq. Ancaq unutmamalıyıq ki, ənənəvi ixrac bazarlarımız bizim üçün ən əlverişli bazarlardır. Ona görə istixanaların yaradılması prosesi sürətlə gedir. İxrac da ciddi şəkildə artır və artacaqdır. İndi biz özümüzü tərəvəzlə nəinki tam təmin edirik, bizim böyük ixrac imkanımız var. Ona görə 400 hektardan çox sahədə salınan istixanaların hamısı məhsul ixrac edəcək. Sahibkarlar indidən öz partnyorları ilə iş qursunlar, onları dəvət eləsinlər, göstərsinlər, Azərbaycan məhsullarının üstünlüyünü izah etsinlər. Dövlət əlbəttə ki, bu sahədə də öz dəstəyini göstərir. Dövlət qurumları bu işlərlə məşğuldurlar. Qida təhlükəsizliyi qurumu ciddi məşğul olmalıdır. Sahibkarlar özləri də məsuliyyətli olmalıdırlar. Onlar elə bir keyfiyyətli məhsul yetişdirməlidirlər ki, ixracla heç bir problem olmasın. Çünki 400 hektarda yaradılan bu istixanalar daxili bazar üçün hesablanmayıb. Ona görə burada bazarlara adekvat şəkildə məhsulların istehsalı da təşkil edilməlidir. Yəni, mənim tövsiyəm ondan ibarətdir ki, burada, sadəcə olaraq, bir məhsul deyil, çox çeşiddə məhsul yetişdirilməlidir.
Keçən il pomidor ixracı rekord həddə çatıb, ölkəyə 151 milyon dollar valyuta gəlib. Buna da böyük tələbat, böyük maraq var. Ancaq yenə də deyirəm, 400 hektarda salınan bu istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq. Ona görə həm dövlət qurumları, həm sahibkarlar özləri marketinq aparsınlar. Bazarların marketinqini aparsınlar ki, harada nə satmaq olar, harada hansı məhsullar üçün daha böyük tələbat var və hansı ölkələrdə daxili istehsal artır. Biz onu da həmişə yadda saxlamalıyıq ki, əgər indi ənənəvi bazarımız olan ölkələrdə daxili istehsal bu və digər məhsullar üzrə artırsa, deməli, ixracımız üçün problem yarana bilər. Ona görə burada çox çevik siyasət aparılmalıdır, əlbəttə ki, dövlət qurumlarının nəzarəti altında və köməyi ilə.
Meyvə istehsalı bizdə artır və artacaq. Xurma ixracı keçən il 90 milyon dollar səviyyəsində olub. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb. İki il ərzində 1800 hektarda nar bağları salınıb. Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib.
Pambıqçılığın inkişafı rekord templərlə gedir. 2015-ci il ilə 2017-ci ili müqayisə etsək görərik ki, 2015-ci ildə 35 min ton, 2017-ci ildə isə 207 min ton pambıq tədarük edilib. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərin sayı 200 minə çatıbdır. Bu, məşğulluq deməkdir. Hər gün bu insanlar halal zəhmətlə pul qazanıb evlərinə aparırlar. Ona görə mən bir daha demək istəyirəm ki, pambıqçılığın inkişafının çox böyük sosial tutumu var. Əlbəttə, bu, ixrac üçün də çox gəlirli bir sahədir. Bu il də biz pambıqçılıqla çox ciddi məşğul olmalıyıq. Baxmayaraq ki, keçən il 207 min ton pambıq tədarük edilib, ancaq məhsuldarlıq lazımi səviyyədə deyil. İndi bu məsələ ciddi təhlil edilir. Bəzi sahələrdə məhsuldarlıq yüksəkdir, bəzi sahələrdə yox. Bunun səbəbləri haqqında indi məlumat toplanılır ki, bu il biz məhsuldarlığı artıraq və pambıqçılığı intensiv yollarla inkişaf etdirək. Burada əlbəttə ki, aqrokimyəvi xidmət, texnika ilə təminat, su, gübrələr, pestisidlər və aqronomların səmərəli işi əsas həlledici amillərdir.
Baramaçılıq da sürətlə inkişaf edir. Burada da müqayisələr aparmaq olar. 2015-ci ildə 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb. Bu il təqribən 400 ton barama tədarük edilməlidir. Beləliklə, Şəki ipək kombinatı daha böyük güclə işləyəcək, daha çox insan cəlb ediləcək. Əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər.
Tut tinglərinin əkilməsi prosesi uğurla gedir. Bizim mövcud tinglərimizin sayı 2 milyon 200 mindir. 2016-2017-ci illərdə 1 milyon 800 min ting əkilmişdir. 2018-ci ildə isə 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Bu da bizim kümçülərə olan dəstəyimizdir. Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə.
Fındıqçılıq sürətlə inkişaf edir. 2016-2017-ci illərdə 30 minə yaxın hektarda yeni fındıq bağları salınıb. Bizim ümumi fındıq bağlarının sahəsi 67 min hektardır. Yəni, biz iki il ərzində bağların sahəsini təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə üç dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöhrələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır. Keçən il 114 milyon dollar həcmində fındıq ixrac etmişik.
Tütünçülük də sürətlə artır. 2016-cı ildə 3 min 500 ton, 2017-ci ildə isə 5 min 200 ton quru tütün tədarük edilibdir. Bir il ərzində istehsal 1,5 dəfə artmışdır. İndi qurutma kameraları da alınacaq, bu məhsul ölkəmizdə də istehsal olunacaq. Dekabr ayında yeni siqaret fabrikinin tikintisinə start verildi. Ümid edirəm ki, bu siqaret fabriki bu il işə düşəcək və beləliklə, xaricdən asılılıq azalacaq, ixrac potensialı yaranacaq.
Bu il yeni qoz bağlarının salınması nəzərdə tutulur, yerlər müəyyən edilib. Özəl sektor bu işə çox böyük maraq göstərir və təqribən 10 minə yaxın hektarda yeni qoz bağları salınacaq. Bir neçə ildən sonra bu da çox böyük gəlir gətirən ixrac sahəsi olacaq. 2016-2017-ci illərdə bizim tövsiyəmiz əsasında 200 hektarda yeni badam bağları salınıb. Məsələni təhlil etməyə başlayanda mən gördüm ki, Azərbaycanda cəmi 1000 hektarda badam bağları vardır, onların da təqribən 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Abşeronda, Bakıətrafı yerlərdə, Xızı, Siyəzən, Şabran zonalarında badam yetişdirilməsi üçün çox gözəl təbii şərait var, ona görə belə bir tövsiyə verdik, çağırış etdik. İki ildə 200 hektarda badam bağları salınıb. Əlbəttə ki, başlanğıc üçün bu, yaxşı göstəricidir, ancaq artmalıdır. Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik.
Üzümçülüklə bağlı son rəqəmlər aşağıdakılardır: 2016-cı ildə 136 min ton üzüm tədarük edilmişdir. 2017-ci ildə bu rəqəm 152 min tona çatıb. İndi şərab istehsalı bizdə artmalıdır. Mövcud şərab zavodları tam gücü ilə işləməlidir. Çünki bu, hələ ki, belə deyil. Bir çox zavodlar tikilib, ancaq onların biri 20 faiz, biri 50 faiz, digəri 30 faiz gücü ilə işləyir. Bu, dözülməzdir. Ona görə tam gücü ilə işləmək üçün sahibkarlar gərək məsuliyyətli yanaşsınlar. Yoxsa indi tikiblər zavodları, amma istifadə etmirlər. Bu, çox qəribə hadisədir. Ona görə şərab istehsalı ilə bağlı dövlət ixrac imkanlarını genişləndirir, bütün sərgilərdə də iştirak edirik, yeni kontraktlar bağlayırıq, sahibkarlara kömək göstəririk. Tezliklə bizdə şərab ixracı artmalıdır.
Zeytunçuluqla bağlı. Son iki ildə 300 hektarda yeni zeytun bağları salınıb. Bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektarda yeni zeytun bağları salınacaqdır. Yeni zeytun yağı fabrikləri yaradılacaq ki, onların istehsal gücü ildə 3000–4000 ton olacaq. Görün, bizdə nə qədər böyük zeytun yağı ixracı gözlənilir. Bizim zeytunumuz çox keyfiyyətlidir, sadəcə olaraq, əvvəlki illərdə səmərəsiz istifadə olunurdu. Düzdür, bizdə zeytun yağı istehsalı var idi, ancaq biz özümüzü hələ də təmin edə bilmirik. Amma belə təbii imkanı olan bir ölkədə mütləq biz böyük ixracatçıya çevrilməliyik və çevriləcəyik.
Mən sahibkarların diqqətini bir sahəyə də cəlb etmək istəyirəm. Bu da çox perspektivli sahədir və tədricən Azərbaycanda inkişaf edir. Bu, arıçılıqdır. Bizim arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Cənubi Qafqazda biz arıçılığın inkişafı üçün xüsusi bölgələrə malikik. Arıçılara indi dövlət dəstəyi də verilməlidir və veriləcəkdir. Hər arı ailəsinə görə arıçılara subsidiyalar verilməlidir və veriləcəkdir. Deməli, ildə hər pətəyə dövlət tərəfindən 10 manat subsidiya veriləcək ki, bu sahəyə maraq daha da artsın və bal bizim böyük ixrac məhsulumuza çevrilsin. İndi ABAD konteynerlərində bal istehsalı təmin edilir. Əlbəttə ki, onun paketlənməsi, keyfiyyəti ən yüksək səviyyədə olmalıdır. Mənə verilən məlumata görə, Azərbaycan balı keyfiyyətinə görə dünya miqyasında fərqlənən məhsullardan biridir.
Şəkər çuğunduru ilə bağlı görülən işlər nəticə verir. İndi bu sahədə 15 min insan çalışır və 14 min hektardan 400 min tondan çox şəkər çuğunduru tədarük edilib. Bütün bu çuğundur İmişli şəkər zavoduna göndərilmişdir. Azərbaycanda istehsal olunan şəkərin tərkibində yerli xammalın səviyyəsi artır. Biz buna da çalışmalıyıq. Çünki bizdə şəkər daha çox xaricdən gətirilən şəkər qamışı hesabına istehsal olunurdu. Biz şəkər çuğunduru hesabına bunu etməliyik və bölgələrdə də ciddi təhlil aparılmalıdır. Bugünkü çıxışlarda da məhsuldarlıqla bağlı fikirlər səsləndi. Çuğundurda şəkərliliklə bağlı çox ciddi təhlil aparılmalıdır. Çuğundur o bölgələrdə əkilməlidir ki, orada şəkərlilik və məhsuldarlıq daha yüksək olur.
Keçən il çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirildi. Bu sahələrə də böyük diqqət göstəririk. İlk növbədə, daxili tələbatı təmin etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik. Kənd təsərrüfatı ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi ilə bağlı işlər daha sürətlə və daha böyük səmərə ilə getməlidir.
İdxal və ixracla bağlı bir neçə söz demək istərdim ki, həm ictimaiyyət bilsin, həm də sahibkarlar bilsinlər ki, daxili tələbatı ödəmək və ixracımızı artırmaq üçün hansı sahələrə daha çox diqqət göstərilməlidir. Deməli, qida məhsulları üzrə ixracla bağlı birinci yerdə pomidor dayanır – 2016-cı ildə 94 milyon dollar, 2017-ci ildə 151 milyon dollar. Fındıq - 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar. Xurma - 2016-cı ildə 69 milyon dollar, 2017-ci ildə 91 milyon dollar. Alma - 2016-cı ildə 23 milyon dollar, 2017-ci ildə 31 milyon dollar. Kartof - 2016-cı ildə 16 milyon dollar, 2017-ci ildə 26 milyon dollar. Albalı və gilas eyni səviyyədədir – 23 milyon dollar. Soğan 2016-cı ildə ixrac demək olar ki, olmayıb, 2017-ci ildə 15 milyon dollar. Bitki yağları - 2016-cı ildə 10 milyon dollar, 2017-ci ildə 14,5 milyon dollar. Yəni, bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var. Sadaladığım layihələr icra olunduqda bu dinamika daha da sürətlə gedəcək.
Bizdə qeyri-qida məhsulları üzrə birinci yerdə qızıldır. 2016-cı ildə 76 milyon dollarlıq, 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb. Alüminium - 2016-cı ildə 98 milyon dollar, 2017-ci ildə 117 milyon dollar. Polad borular - 2016-cı ildə 43 milyon dollar, 2017-ci ildə 39 milyon dollar – bax, yeganə pozisiyadır ki, burada bir qədər azalma var. Pambıq mahlıcı - 2016-cı ildə 6 milyon dollar, 2017-ci ildə 33 milyon dollar. Pambıq iplik - 2016-cı ildə 18 milyon dollar, 2017-ci ildə bir qədər azdır - 16 milyon dollar. Tütün - 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 14 milyon dollar. Sement-klinkeri - 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 12 milyon dollar. Armatur - 2016-cı ildə 2 milyon dollar, 2017-ci ildə 10 milyon dollar. Yəni, qida və qeyri-qida məhsulları üzrə müsbət dinamika mövcuddur. Bu da çox gözəl göstəricidir və bizə imkan verir ki, qeyri-neft ixracımızı böyük dərəcədə artıra bilək.
İdxalla bağlı rəqəmlər. Bu, ilk növbədə, sahibkarlar üçündür. Onlar bilsinlər ki, hansı pozisiyalar daha dinamik inkişaf edir və bu məhsullar üçün bazarlar da var. Ona görə bu məhsullarda artım olmalıdır. İdxal olunan məhsullar isə birbaşa sahibkarlara bir tövsiyədir ki, bax, biz burada idxalı əvəzləmək üçün daha da fəal işləməliyik. Deməli, keçən il buğdanın alınması üçün xaricə 227 milyon dollar valyuta gedib. İndi buğdanın böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Kərə yağı - 50 milyon dollar. Yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılması mütləq təmin edilməlidir. İndi sahibkarlara kreditlər veriləndə də bu məsələ nəzərə alınsın. Mineral və qazlı sular - xaricə 48 milyon dollar gedir. Baxmayaraq ki, bizdə bu qədər gözəl bulaqlar, yeraltı sular var, istehsal edirik, ancaq çatmır. Nə etmək lazımdır? Mövcud su müəssisələrinin gücünü artırmaq lazımdır. Yenə də dövlət öz dəstəyini göstərsin, sahibkarlar da fəal olsunlar, Azərbaycanın daxilində 48 milyon dollarlıq bazar var. Əgər biz bunu istehsal etsək, əlbəttə ki, xaricdən az gələcək. Düyü - 36 milyon dollar xaricə gedir. İndi çəltikçiliyin inkişafı sürətlə gedir, hesab edirəm ki, biz bu rəqəmi azaldacağıq.
Maraqlı bir məsələ kartofla bağlıdır - 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə, idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.
Soya və ondan alınan məhsullar - 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var.
Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri - 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.
Siqaret - 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.
Trikotaj məhsulları - xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq.
Sabun-yuyucu vasitələr - 100 milyon dollarlıq idxal olunub. Yuyucu vasitələrin də, sabunun da istehsalı Azərbaycanda təşkil olunmalıdır. Bu, o qədər çətin məsələ deyil. Ona görə bu məsələyə mütləq baxmaq lazımdır.
Şüşə və ondan hazırlanan məhsullar - təxminən 80 milyon dollar xaricə gedir. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək.
Gübrələr - 55 milyon dollar həcmində. Karbamid zavodu işə düşəndən sonra bu məsələnin də həlli nəzərdə tutulur. Yəni, ancaq sadaladığım bu pozisiyalar üzrə təqribən bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək. Ona görə qeyd etdiyim bu məsələlər həm dövlət orqanları, həm özəl sektor tərəfindən icra edilməlidir. Bu il biz bunun icrası ilə bağlı fəal işləməliyik və beləliklə, idxal azalacaq, ixrac isə artacaq.
Deyə bilərəm ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik. Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir. Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik.
Bu rəqəmlər hər şeyi əyani şəkildə göstərir. Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir. Sağ olun.
1news.az