Naftalan Mərkəzi Xəstəxanasının tikintisinə 6 milyon manatdan çox vəsait ayrılıb
Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon (altı milyon bir yüz altmış altı min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
1news.az