İlham Əliyev Makedoniya prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev martın 15-də Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.
1news.az xəbər verir ki, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlətimizin başçısı Makedoniya Respublikasının Prezidenti George İvanovun bu tədbirdə iştirakının önəmini vurğuladı. Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti ilə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladı.
Makedoniya Respublikasının Prezidenti George İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd etdi. O bildirdi ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.
Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Makedoniya Respublikasının Prezidenti George İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi.
1news.az