Prezident İlham Əliyev pakistanlı həmkarına məktub göndərib
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini xüsusi qeyd etmək istəyirəm.
İnanıram ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və möhkəmlənməsi yolunda birgə addımlarımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və rifah diləyirəm”.
1news.az