Prezident İlham Əliyev Şimali Koreyanın xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB
Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho ilə görüşüb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransına böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev gələn ildən ölkəmizin bu mühüm quruma sədrlik edəcəyini və təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.
Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırdı. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri vurğuladı ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.
1news.az