Göygöldə partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO

Aprelin 6-da saat 11:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Quşqara kəndində iki mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə çay dərəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində üç partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik top mərmisi (3OF-49) və iki ədəd 120 millimetrlik minaatan mərmisi (OF-843), bir ədəd boş giliz və bir ədəd partlamış mərmi qalığı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi sursatların ətrafında beş min kvadratmetr əraziyə yerüstü və 100 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1–dən aprelin 6-dək ANAMA tərəfindən 2435 partlamamış hərbi sursat, tank əleyhinə üç mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 54 min 415 kvadratmetr ərazi yoxlanılıb.
1news.az