I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanları başa çatıb

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları Respublikanın 18 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib.
1news.az-ın verdiyi xəbərə görə, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.
Aprelin 16-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
S.Xankişiyeva