İlham Əliyev İƏT ölkələrinin gənclər və idman nazirləri ilə görüşüb - FOTO - YENİLƏNİB
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb.
1news.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:
-Əziz qonaqlar, əziz dostlar.
Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Mən şadam ki, Azərbaycan belə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Əminəm ki, bu görüş ölkələrimiz arasında həmrəyliyi, tərəfdaşlığı gücləndirəcək və əməkdaşlığımızın inkişafında çox müsbət dinamika yaradacaq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür. Son illərdə biz nazirlər səviyyəsində çox sayda tədbirlər təşkil etmişik. Mən şadam ki, bu gün gənclər və idman nazirləri bizim qonaqlarımız sırasındadır.
Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Hazırda bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Biz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycana göstərdikləri davamlı dəstəyə görə çox minnətdarıq. Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarda hər şeyi dağıdıb. ATƏT iki dəfə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyalar göndərib. Onların hesabatı bizim tarixi və dini abidələrimizə qarşı vandalizm aktı törədildiyini göstərir. Məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb. Məzarlarımız, tarixi abidələrimizin hamısı dağıdılıb. Hər şey dağılıb. Xalqımız, həmçinin mədəni soyqırımına məruz qalıb. Lakin hər zaman dediyim kimi, onlar bizim yaddaşımızı, inamımızı məhv edə bilməzlər. İşğal olunmuş torpaqların bir hissəsi iki il bundan əvvəl azad ediləndən sonra Azərbaycan həmin ərazini yenidən qurmağı qərara aldı və hazırda orada insanlar yaşayır. Biz orada 150 evdən ibarət qəsəbə tikdik, məktəb, tibb mərkəzi və məscid inşa etdik. Bu məscid ermənilərin qədim Şuşa şəhərində dağıtdığı məscidin eynisidir. Bunu etməklə biz bir daha barbarlara göstəririk ki, onlar bizim taleyimizi məhv edə bilməzlər. Biz işğal olunmuş bütün ərazilərə qayıdacağıq və oraları yenidən quracağıq. Biz o ərazilərə həyatı qaytaracağıq.
Mən Azərbaycana hər zaman göstərdikləri davamlı dəstəyə və həmrəyliyə görə müsəlman dünyasındakı bütün qardaşlarımıza çox minnətdaram. Bu, bizi daha da gücləndirir. Biz müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr veririk. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Biz Azərbaycanda və xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyini nümayiş etdirdik. Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk. Yəqin ki, bilirsiniz, ötən il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Bu da bizim birliyimizi nümayiş etdirdi. Bu, təkcə idman tədbiri deyildi. Bu, bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayişi idi. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq. Həmçinin sizə məlumat vermək istərdim ki, bu il bizim qədim şəhərimiz olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunub və biz bunu geniş şəkildə qeyd edirik. Bir neçə il bundan əvvəl paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu, bizim gördüyümüz işlərin müsəlman dünyasına nümayişi, birlik və həmrəyliyin nümayişidir.
Azərbaycan ərazisində çox sayda tarixi, dini abidələr var. Biz bu abidələri qoruyub saxlamışıq və onlar bizim, tarixi irsimizin bir parçasıdır. Onların arasında qeyd etmək istərdim ki, dünyanın ən qədim məscidlərindən biri, qədim Şamaxı şəhərində 743-cü ildə inşa edilmiş məscid Azərbaycanda yerləşir. Bir neçə il bundan əvvəl o, əsaslı şəkildə yenidən qurulub. Beləliklə, biz tariximizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlayırıq və bir-birimizi dəstəkləmək üçün çox işlər görürük.
Bizim müsəlman ölkələri ilə çox yaxşı əlaqələrimiz var. İkitərəfli əlaqələr çox yaxşıdır. Biz siyasi cəhətdən bir-birimizi dəstəkləyirik. Azərbaycan, həmçinin yaxşı iqtisadi perspektivlər yaradan və potensialımızı gücləndirən bəzi layihələrə başlayır. Biz təkcə mühüm əhəmiyyət kəsb edən həmrəylik nümayiş etdirməklə deyil, eyni zamanda, iqtisadi cəhətdən bir-birimizi dəstəkləməliyik. Bu gün Azərbaycan donor ölkə olaraq çox sayda müsəlman ölkəsində humanitar yardım, təhsil, səhiyyə ilə bağlı çoxsaylı sosial, humanitar tədbirlər həyata keçirir. Biz məktəblər tikirik, qaçqınlara yardım edirik. Bizim həmrəyliyimizin sonuncu nümayişi Rohinca qaçqınlarına göstərdiyimiz humanitar yardımdır. Biz doğru düşündüyümüzü reallaşdırırıq və bu, bütün müsəlman ölkələri arasında birlik və həmrəyliyi gücləndirir, çünki gücümüz birlikdədir. Sözsüz ki, gənclər siyasətinə məsul nazirlər və digər rəsmi şəxslər olaraq siz ölkələrimizin sosial həyatının çox əhəmiyyətli bir hissəsini əhatə edirsiniz. Siz gənc nəslə bir-birini daha yaxşı tanımağa kömək edirsiniz. Çünki gənc nəsil birlikdə olmalıdır. Biz, müsəlman ölkələrinin liderləri olaraq etdiyimiz və etməli olduğumuz kimi, onlar da bir-birini dəstəkləməlidirlər. Bu səbəbdən də düşünürəm ki, Bakıdakı bu görüş gənclərimiz üçün əhəmiyyət kəsb edir. Bu, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirdir. Bizdə çox sayda beynəlxalq tədbirlər keçirilir, lakin bu, xüsusi əhəmiyyət kəsb edir. Mən bizimlə birlikdə olduğunuza görə sizə təşəkkürümü bildirmək istərdim. Bilirəm ki, konfransınız uğurla başlayıb və onun işini uğurla başa çatdırmağınızı arzulayıram. Ümid edirəm ki, Azərbaycan haqqında daha çox məlumat əldə etməyə, bəzi tarixi məkanları görməyə vaxtınız olacaq. Əminəm ki, azərbaycanlı ev sahibləri sizin öz vətəninizə yaxşı xatirələrlə qayıtmağınız üçün əllərindən gələni edəcəklər. Bir daha xoş gəlmisiniz. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm.
Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-USEYMİN çıxış edərək dedi:
-Cənab Prezident, bizi belə mötəbər tədbir, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyası çərçivəsində qəbul etdiyinizə və nazirlərə dəstək göstərdiyinizə görə çox sağ olun. Bu, İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin bir hissəsidir. İcazə verin, əvvəlcə yenidən prezident seçilməyiniz münasibətilə Sizi təbrik edim. Mən Uca Allaha bu böyük xalqın uğuru, sülh və firavanlıq içində yaşaması üçün dua edirəm. Mən, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini dəstəklədiyini vurğulamaq istəyirəm. Bu, İslam Əməkdaşlıq Təşkilatı üçün prioritetdir, biz bunu bütün qətnamələrimizdə qeyd edirik, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində. Bu, haqq işidir və biz sadəcə Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin icra olunmasını tələb edirik. İkincisi, Sizin də düzgün buyurduğunuz kimi, gənclər müsəlman dünyasında əhalimizin böyük seqmentini təşkil edir və biz təəssüf hissi doğuran hadisələrə, ekstremizmə və terrorizmə göstərdiyimiz münasibətlə bağlı onlara ümid verməliyik. Beləliklə, mən istəyirəm ki, biz, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransı istər idman, istərsə də digər fəaliyyətlər vasitəsilə yalnız gənc nəslimizin çox yaxşı mənada iştirakını nəzərdə tutan proqramın tərtib olunmasını təmin etsin. Mən həmişə deyirəm ki, gənclərimiz müəyyən yaxşı keyfiyyətlərə malik gənclərdir, əks halda, onlar pis işlər görərdilər. Ən yaxşı hal müsəlman ölkələrində sırf gənclər və cəmiyyət üçün nəzərdə tutulmuş mənalı proqram və siyasətlərin tərtib edilməsidir.
Əlbəttə ki, cənab Prezident, Sizə də təşəkkürümü bildirirəm. Çünki bu, Sizin ideyanız idi və siz 2005-ci ildə burada Bakıda bu forumun təşəbbüskarı oldunuz. Biz bunu və Sizin gənc nəsil üçün olan baxışınızı, əzm və sadiqliyinizi dərin minnətdarlıq hissi ilə xatırlayırıq. Bizim buradakı görüşümüz Sizin vaxtılə təşəbbüskarı olduğunuz uğurlu ideyanın sübutudur. Əlbəttə ki, Bakı Azərbaycanın Sovetlər İttifaqından ayrıldıqdan sonra necə dəyişilməsi, müasir və çiçəklənən şəhərə çevrilməsi nöqteyi-nəzərdən uğurlu bir eksperimentdir. İndi isə ölkəniz turizm nöqteyi-nəzərindən regionun qibləsinə çevrilib. Biz bununla qürur duyuruq və Sizin düzgün qeyd etdiyiniz kimi, ölkələrimiz və İslam Əməkdaşlıq Təşkilatı arasında iqtisadi əməkdaşlığı dəstəkləyirik və turizm bu əməkdaşlığın uğurla necə həyata keçirilməsi üçün çox mühüm elementdir.
Cənab Prezident, bir daha Sizə öz təbriklərimi çatdırıram. Biz Zati-alinizə söz veririk ki, Sizin bütün tapşırıqlarınız və müdrik fikirləriniz, plan, strategiya və həmin bu gənclər strategiyasına aid olan fəaliyyət planı, inşallah, həyata keçiriləcək.
x x x
Daha sonra İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin güncləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə Prezident İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamisi” ilk Fəxri Nişanı və xatirə hədiyyəsi təqdim olundu.
Prezident İlham ƏLİYEV dedi:
-Bu mükafata görə çox sağ olun. Mən bunu yüksək qiymətləndirirəm. Təşəkkür edirəm. Doğru olaraq qeyd etdiyiniz kimi, Azərbaycan ölkələrimizin gənclərinin bir araya gəlməsində mühüm rol oynayıb. Şadam ki, Gənclər Forumu uğurla fəaliyyət göstərir. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, məqsədimiz ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdir ki, gənc nəsil bizim yolumuzu davam etdirsin.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
S.Xankişiyeva