“Şahdağ Turizm Mərkəzi” ilə “Şimali Qafqaz Kurortları” arasında memorandum imzalanıb – FOTO
İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüşdə tərəflər qarşılıqlı iqtisadi işgüzar əlaqələrin inkişaf etdirilməsi yönündə müzakirələr aparıblar.
Görüş çərçivəsində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki şirkət arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında – il boyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzun müddətli oması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.
Eyni zamanda yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb.
Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə birgə addımların atılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.
Memorandumun tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə dair əminlik ifadə olunub.
1news.az