“Tibbi sığorta haqqında” qanunda dəyişikliklər qüvvəyə minib
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
1news.az-ın məlumatına görə, dəyişikliyə əsasən “Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradacaq.
Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 3 aprel tarixli qanunun tətbiqi haqqında sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
1news.az