İlham Əliyev: “Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək” | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: “Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək”

16:19 - 14 / 05 / 2018
İlham Əliyev: “Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik.

1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında deyib. Dövlət başçısı bu günə qədər bu istiqamətdə çox böyük işlərin görüldüyünü bildirib:

“Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”.

Son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolu salındığını diqqətə çatdıran Prezident İlham Əliyev bu illər ərzində 7 aeroportun tikildiyini də qeyd edib:

“Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərarası, kənd yolları, yəni, bu infrastruktur da yaradılıb. Bu illər ərzində 7 aeroport tikilibdir. Onlardan 6-sı beynəlxalq aeroportdur. Azərbaycanın ən müasir təyyarə parkı var. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda beşulduzlu statusu alıbdır. Məlumat üçün demək istərdim ki, dünyada cəmi 9 aeroportun beşulduzlu statusu var, onlardan biri Heydər Əliyev Aeroportudur”.

O, dəmir yolu infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən də danışıb:

“Biz dəmir yolu infrastrukturumuzu müasirləşdiririk, mövcud dəmir yolu xətlərini təzələyirik, yeni dəmir yolu xətləri çəkilir ki, sürət artsın. Lokomotivlər, vaqonlar alınır. Bakı-Tbilisi-Qars dəmir yolu keçən ilin oktyabr ayında bax, bu ərazidə istifadəyə verilmişdir. Bu, tarixi layihə idi. Azərbaycan bu layihənin təşəbbüskarı idi və bu layihənin həyata keçirilməsi üçün böyük vəsait ayırmışdır. Biz Bakını Avropaya dəmir yolu xətti ilə birləşdirdik. Əslində Asiyanı Avropa ilə birləşdirən Azərbaycan olmuşdur. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir.

Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcəkdir. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk”.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər