İlham Əliyev: Azərbaycan iqtisadiyyatı qlobal böhrana qarşı yüksək dayanıqlıq nümayiş etdirib
XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, müraciətdə deyilir:
“Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi Bakı şəhərində XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibəti ilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və işlərinizdə müvəfəqiyyətlər arzulayıram.
Xəzəryanı regionda neft və qaz sahəsi üzrə ən mötəbər tədbir olan Beynəlxalq “Xəzər neft və qaz, neftayırma və neft kimyası” sərgi və konfransı bu il öz uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir.
Bünövrəsi 1994-cü ildə qoyularaq ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən ənənəvi tədbiriniz Xəzər regionunun və Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Həmin dövrdən etibarən Bakıda ardıcıl keçirilən sərgi və konfransların ölkəmizin müəllifi və bilavasitə iştirakçısı olduğu strateji layihələrin gerçəkləşdirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi və qlobal tərəfdaşlığın qurulmasında xüsusi rolu vardır.
Son illər bir sıra ölkələrdə qlobal böhranın özünü aydın büruzə verdiyi şəraitdə belə biz daxili potensialdan səmərəli istifadə yolu ilə həyata keçirdiyimiz düzgün iqtisadi strategiya sayəsində respublikamızın inkişaf tempinin saxlanılmasına nail olmuşuq. Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı qlobal böhrana qarşı yüksək dayanıqlıq nümayiş etdirmiş, iqtisadi artım dinamikası və sosial inkişaf səviyyəsini qoruya bilmişdir.
Hazırda “Cənub Qaz Dəhlizi”nə daxil olan “Şahdəniz – II” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələr ilə bağlı görülən işlər fasiləsiz şəkildə davam etdirilməkdədir. Şahdəniz – II” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri artıq yekunlaşmaq üzrədir. Yaxın zamanlarda TANAP layihəsinin Şahdəniz qazının Türkiyəyə çatdırılması üçün nəzərdə tutulan hissəsinin istifadəyə verilməsi təntənəli surətdə qeyd ediləcəkdir. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaqdır.
Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi indiki mərhələdə Azərbaycan əlverişli coğrafi mövqeyinə, təbii ehtiyatlarına və zəngin potensialına arxalanaraq, digər ölkələrlə və eləcə də dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir. Böyük həcmdə xarici investisiyaların respublikaya cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkəmizin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir.
İnanıram ki, mötəbər tədbiriniz qarşılıqlı münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olacaq və fəaliyyətinizin gələcək illər üçün aparıcı inkişaf meyllərinin müəyyənləşməsinə töhfəsini verəcəkdir”.
1news.az