Netanyahu Azərbaycan Prezidentinə məktub göndərib
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə İsrail hökuməti və xalqı adından səmimi təbriklərimi qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğur arzu edirəm.
İsrail və Azərbaycan arasındakı əlaqələr, sadəcə, qarşılıqlı maraqlar üzərində deyil, eləcə də iki qədim xalq arasında mövcud olan dərin və davamlı dostluq münasibətləri üzərində qurulub. Ötən il İsrail və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdi. Bizim münasibətlərimiz bir-birinin inancına və adət-ənənəsinə hörmətlə yanaşan və daha firavan və təhlükəsiz gələcək təmin etmək üçün birgə çalışan müsəlmanların və yəhudilərin unikal tərəfdaşlığıdır. Ölkələrimiz ticarət və enerjidən kənd təsərrüfatı və terrorla mübarizəyə kimi xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edir.
2016-cı ilin dekabr ayında Bakıya səfərimi və mənə göstərdiyiniz isti və gözəl qonaqpərvərliyi heç zaman unutmayacağam. Sizin göstərdiyiniz qonaqpərvərliyə yaxın gələcəkdə Yerusəlimdə eyni qonaqpərvərliklə cavab verəcəyimə ümid edirəm.
Bir daha Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm”.
1news.az