Elçin Əhmədov: Prezident tək Ermənistana deyil, həm də onu himayə edən qüvvələrə mesaj verdi | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Prezident tək Ermənistana deyil, həm də onu himayə edən qüvvələrə mesaj verdi

12:00 - 08 / 06 / 2018
Elçin Əhmədov: Prezident tək Ermənistana deyil, həm də onu himayə edən qüvvələrə mesaj verdi

Prezident İlham Əliyev son çıxışında beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın cinayətkar əməllərini bir daha diqqətə çatdırdı və Dağlıq Qarabağın bizim tarixi torpağımız olmasını xüsusi vurğuladı.

Bunu 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov dövlət başçısının iyunun 6-da Müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Cənab prezident çıxışında bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinə və onun nizama salınması məsələsinə də toxundu. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın cinayətkar əməllərini bir daha diqqətə çatdırdı və Dağlıq Qarabağın bizim tarixi torpağımız olmasını xüsusi vurğuladı. Qeyd etdi ki, həm sovet dövründə, həm ondan əvvəl, həm də 1991-ci ildə yenidən müstəqillik əldə edəndə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaqla onun ayrılmaz hissəsi olub.

Bu da hüquqi nöqteyi-nəzərdən haq və ədalətin Azərbaycanın tərəfində olduğunu, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha sübut edir. BMT-nin, İƏT-in, AŞPA-nın və digər nüfuzlu təkilatların qəbul etdiyi sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bu da Azərbaycanın xeyrinə münaqişənin nizama salınması üçün hüquqi əsas yaradıb. Bu ona görə bizə vacibdir ki, əgər münaqişəni danışıqlar yolu ilə nizamlamaq mümkün olmasa, torpaqlarımızı hərbi yolla azad edərkən beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər bizim əlimizdə hüquqi əsas olacaq”.

Dövlət başçısının Ermənistanda hakimiyyətdə olmuş cinayətkar rejimi bir daha ifşa etməsinə toxunan E.Əhmədov onun Ermənistanın yeni rəhbərliyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Cənab prezident xeyli vaxtdır ki, istər beynəlxalq təşkilatlarda, istər BMT-nin kürsüsündən, istərsə də beynəlxalq tədbirlərdə Ermənistanın əvvəlki kriminal, cinayətkar rejimini ifşa edib, onun yeritdiyi siyasətin işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti olduğunu bildirib, eyni zamanda  Xocalı soyqırımı zamanı əli qana batmış cinayətkar bir rejimin 20 ildir ki, Ermənistanda hakimiyyətdə olduğunu vurğulayıb. Dövlət başçımızın da dediyi kimi, erməni xalqı hələ indi anlayır ki, bu günə qədər cinayətkar, xunta rejimi tərəfindən idarə olunub.

Cənab prezident eyni zamanda bildirdi ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrarlamayacaqsa, onun təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirməyəcəksə bu münaqişənin dinc vasitələrlə nizama salınmasına bir ümid yaradır. Amma əgər bu təkrar olunacaqsa, təbii ki, Azərbaycan öz sözünü deyəcək. Son illərdə Azərbaycanın güclənmiş və dünyanın ən yaxşı 50 ordusu sırasına daxil olan müasir ordusu nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad edəcək”.

E.Əhmədov bunun Prezident İlham Əliyevin tək Ermənistan rəhbərliyinə deyil, həm də onu himayə edən qüvvələrə bir mesajı olduğunu vurğulayıb:

“Prezident İlham Əliyev tək Ermənistana deyil, həm də onu himayə edən qüvvələrə bir mesaj olaraq hər zaman xüsusi vurğulayır ki, kimlərsə Dağlıq Qarabağa müstəqillik veriləcəyini gözləyirlərsə, yanılırlar. Bu heç vaxt olmayacaq. Azərbaycan bir daha Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu Azərbaycanın, Azərbaycan xalqının qəti və prinsipial mövqeyidir”.

1news.az

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər